REGİONLAR
Azərbaycan “Ağıllı kənd” layihələrini həyata keçirməklə FAO-nun "1000 Rəqəmsal Kənd" Təşəbbüsünə də öz töhfəsini verir
Bakı, 6 may, C.Rüstəmov, Z.Mirzəyev, AZƏRTAC
Bu gün Azərbaycan regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkədir. Bizim əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməklə milli ərzaq təhlükəsizliyi sistemini inkişaf etdirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılışında söyləyib.
Nazir bildirib ki, bütün dünyada aqrar sahədə yeniliklərin tətbiqi və yeni çağırışlara adaptasiya qaçılmazdır. Bu transformasiya rəqəmsal və innovasiyaya keçidi zəruri edir. Bu gün əldə etdiyimiz bütün ən yaxşı təcrübələri və uğurları bölüşmək vaxtıdır və bu konfrans bizə bunun üçün müstəsna imkan verir.
Onun sözlərinə görə, rəqəmsal texnologiyalar iqtisadiyyatlarımıza dərin təsir göstərir, kənd təsərrüfatı və ərzaq bazarlarını yenidən formalaşdırır: “Məhdud resurslarımızdan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyacımız var. Bu dəyişiklik həm də bizə iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya imkan verəcək. Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatını müasir və rəqəmsal kənd təsərrüfatına çevirmək prosesini keçir. Bizim kənd təsərrüfatı siyasətimiz ədalətli və bərabər prinsiplərə əsaslanır. Bu siyasət FAO-nun 2030-cu il Gündəliyindəki hədəflərə uyğundur. Bu səbəbdən bütün xidmətlərə və dövlət dəstəyinə asan çıxış üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq”.
Azərbaycanda, həmçinin kənd yerlərinin inkişafı və onların dəyər zəncirinə inteqrasiyası üçün rəqəmsal texnologiyalardan istifadə etdildiyini bildirən İnam Kərimov qeyd edib ki, bundan əlavə, ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə “Ağıllı kənd” layihələrini həyata keçirməklə FAO-nun “1000 Rəqəmsal Kənd” Təşəbbüsünə də öz töhfəsini verir.