CƏMİYYƏT
Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti dünyanın müxtəlif qurumları ilə əməkdaşlıq memorandumu imzalayıb
Bakı, 30 iyun, AZƏRTAC
Ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsi ilə əlaqədar ilk namizədlik dissertasiyası 1936-cı ildə müdafiə olunub. 20 il sonra ağız və üz-çənə cərrahiyyəsi ilə əlaqədar kafedra yaradılıb. 1961-ci ildə 60 çarpayıdan ibarət I ixtisaslaşmış şöbə, 1974-cü ilsə isə 20 çarpayıdan ibarət II ixtisaslaşmış şöbə fəaliyyətə başlayıb. 1977-ci ildə 25 çarpayıdan ibarət uşaq şöbəsi açılıb. 2007-ci ildə ağız və üz-çənə cərrahiyyəsi sahəsində ilk dərslik çap olunub.
Hazırda təbabətin bu sahəsində 6 elmlər doktoru, 25-dən çox elmlər namizədi, 250-dən çox mütəxəssis fəaliyyət göstərir. Onlar dünyanın müxtəlif ölkələrində keçirilən forum və elmi-praktik seminarlara dəvət alıb və həmin tədbirlərdə məruzələrlə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ağız və üz-çənə cərrahiyyəsi üzrə beynəlxalq elmi konfransda bu barədə danışılıb.
Dünyanın müxtəlif ölkələrindən gələn Ağız və Üz-çənə Cərrahları cəmiyyətlərinin prezidentləri, Avropa Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin nümayəndələrinin və tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən konfransı açan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov bildirib ki, bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Son illər bir sıra sahə və ixtisaslar üzrə yeni cəmiyyət və assosiasiyalar yaradılır və onlardan biri də Ədliyyə Nazirliyinin verdiyi şəhadətnaməyə əsasən ötən il sentyabrın 29-dan ictimai birlik qismində rəsmi fəaliyyət göstərən Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətidir. Bugünkü konfransda həm də onun təqdimat mərasimidir. Cəmiyyət dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə əməkdaşlıq etmək və bu sahənin inkişaf perspektivlərinə baxışlarını dünya mütəxəssisləri ilə birlikdə müzakirə etmək niyyətindədir.
Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin sədri, ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsinin tarixi, inkişaf yolları, bugünkü vəziyyəti haqqında məlumat verib. O, respublikanın bu sahədə çalışan ən qabaqcıl mütəxəssislərini birləşdirən cəmiyyətin üzərinə düşən vəzifələr, fəaliyyət planı, əməkdaşlıq imkanları və bu sahənin inkişaf perspektivləri barədə bəhs edib.
Konfransda dünya şöhrətli məşhur cərrahlar - İbrahim Yıldırım (Türkiyə), Edqar Biemer (Almaniya), Avropa Kəllə-üz-çənə Assosiasiyasının nümayəndələri, professorlar Satheesh Prabhu və Aakshay Gulati, Aleksandr Nerobeyev (Rusiya), SM Balaşi (Hindistan), Pietro Bormioli (İtaliya) və ölkəmizdə fəaliyyət göstərən müxtəlif tibbi təşkilat və cəmiyyətlərin rəhbərləri çıxış ediblər.
Təbabətin bu sahəsində fəaliyyət göstərən müxtəlif qurumlarla Azərbaycanın Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti arasında gələcək əməkdaşlıq haqqında memorandum imzalanıb.