CƏMİYYƏT
Azərbaycan Akademik Birliyinin yenidən təşkilatlanmadan sonra Vyanada Azərbaycan icması ilə görüşü keçirilib VİDEO
Vyana, 29 yanvar, AZƏRTAC
Yanvarın 28-də Vyanada Azərbaycan Akademik Birliyinin təşəbbüsü ilə Avstriyadakı Azərbaycan icması ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş diaspor qurumunun yenidən təşkilatlanmadan sonra Avstriyada yaşayan soydaşlarımızın iştirakı ilə geniş tərkibdə ilk toplantısı olub.
Tədbirin aparıcısı, AZƏRTAC-ın Avstriyadakı xüsusi müxbiri Elgün Niftəli bildirib ki, bu il yaradılmasından 20 il ötən təşkilat tələbə və gəncləri öz ətrafında sıx birləşdirərək, Azərbaycanın Avstriyada tanıdılması və iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində tədbirlər keçirib. Pandemiya dövründə fəaliyyətində durğunluq yaranan təşkilatın yeni idarə heyəti seçilib, nizamnaməsində fəaliyyət istiqamətləri genişləndirilib və müxtəlif sahələri əhatə edən tədbirlər planı hazırlanıb.
Cəmiyyətin fəxri sədri, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin məsul əməkdaşı Tofiq Mürşüdlü çıxışında bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yerləşdiyi regionda yeni reallıqlar yaradıb. Bu reallıqlardan çıxış edərək Azərbaycanın xarici siyasəti və diaspor fəaliyyətində yeni prioritetlər meydana gəlib. Məhz buna görə təşkilat Avstriyada yaşayan bütün soydaşlarımızı Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması və yerli qurumlarla səmərəli əməkdaşlığın təşkili üçün öz ətrafında birləşməyə dəvət edir. Xüsusi vurğulanıb ki, təşkilat yarandığı dövrdəki adı ilə fəaliyyətini davam etdirsə də, o, bütün yaş və sosial qrupları təmsil edən soydaşlarımız üçün açıqdır və istənilən şəxs Birliyə qoşula bilər.
Tədbirdə təşkilatın strukturu, idarə heyəti, üzərində iş aparılan layihələr, il ərzində görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, yenidən təşkilatlanmadan keçən qısa vaxt ərzində Akademik Birlik Azərbaycan klassik musiqisinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə beynəlxalq piano müsabiqəsi elan edib. Həm Avstriya, həm də Azərbaycan qurumları ilə əməkdaşlığa çalışan təşkilat Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, digər hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır. İcma ilə görüşün təşkilində göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq ifadə olunub.
Birlik sədrinin müavini, Vyanada təhsil alan fəal tələbə Sahilə Rzazadə təşkilatın yeni internet səhifəsini təqdim edib, üzvlüyə qəbul, əlaqə imkanları və fəaliyyətin təşkili üçün hazırlanmış onlayn sorğu barədə məlumat verib. S. Rzazadə, həmçinin təşkilatın sosial şəbəkə hesabları, dəstəyə ehtiyacı olanların müraciət imkanları və üzvlük üçün müraciət qaydası barədə danışıb.
Tədbirdə çıxış edən Azərbaycanın Avstriyadakı səfirliyinin konsulluq bölməsinin rəhbəri, birinci katib Əli Qarayev vətəndaşların ən çox rastlaşdığı problemlərdən və onların aradan qaldırılması üçün konsulluq şöbəsinə müraciət imkanlarından bəhs edib.
Sonra Avstriyada beynəlxalq müsabiqələr laureatı, pianoçu, bəstəkar və dirijor Abuzər Manafzadənin, beynəlxalq müsabiqələr laureatı Orxan Cəlilovun ifasında Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət konsert proqramı təqdim olunub. Konsert böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Konsertdən sonra Vyana Universitetinin doktorantı Aytən Əliyeva gənclər siyasəti və diaspor quruculuğu sahəsindəki təcrübəsindən danışıb. Azərbaycan Mədəniyyət Mərkəzində dil kurslarının rəhbəri, filologiya elmləri doktoru Yaqut Abdalla dil kursları barədə məlumat verib, soydaşlarımızı övladlarını həftəsonu Azərbaycan dili kurslarına yazdırmağa dəvət edib.
Sonda iştirakçılara təşkilatın fəaliyyətinə təkan verilə bilməsi üçün sorğu anketi təqdim edilib və fikir mübadiləsi aparılıb.