İQTİSADİYYAT
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
Bakı, 27 mart, AZƏRTAC
Berlində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin EA-ya assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb və mərkəz yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quruma üzv olmaqda əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır.
Hazırda isə Azərbaycan Akkreditasiya Mərkəzinin EA-nın ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin gücləndirilməsi” adlı “Tvininq” layihəsinə başlanılıb. Bu layihə çərçivəsində akkreditasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların aparılması, beynəlxalq təşkilatlarla kommunikasiyanın gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi bir sıra vacib məsələlər həllini tapmaqdadır.