CƏMİYYƏT
Azərbaycan Ali Hərbi Məktəbinin Cənubi afrikalı məzunları ilə görüş keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 27-29-da Cənubi Afrika Respublikasının (CAR) Fri Steyt əyalətində Dünya Dənizçilik İrsi Gününə həsr olunan konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın CAR-dakı səfirliyindən məlumat verilib.
CAR-ın Nəqliyyat Departamenti tərəfindən təşkil edilən tədbirə fəxri qonaq qismində qatılan səfir Elxan Poluxov çıxış edərək ölkəmiz barədə ətraflı məlumat verib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə ölkəmizin regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb. E.Poluxov, həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini bərpa etməsindən öncə və sonra dövlət quruculuğunda oynadığı əvəzolunmaz roldan bəhs edib.
Səfir Bakıda təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ali Hərbi Məktəbdə 1970-1980-ci illərdə bir sıra Afrika dövlətlərinin, o cümlədən CAR-ın hərbiçi və dənizçilərinin təhsil aldıqlarını və hərbi məktəb məzunlarının hazırda öz ölkələrində yüksək vəzifələrdə təmsil olunduqlarını vurğulayıb.
Sonra E.Poluxov tədbirdə iştirak edən, vaxtilə Azərbaycanda hərbi təhsil alan, daha sonra isə aparteidə qarşı mübarizədə iştirak edən Cənubi afrikalı bir sıra veterana hədiyyə və suvenirlər təqdim edib, onlara yerli “Azərbaycanın Dostları” QHT-nin fəxri üzvlüyünə qəbul edilməsi barədə sertifikat və döş nişanları verib.
Veteranlar ölkəmizin xatirələrdə yalnız xoş izlər buraxdığını deyərək göstərilən diqqət və qayğıya görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
CAR-ın Fri Steyt əyaləti, Dənizçilik Administrasiyası, Nəqliyyat Departamentinin rəhbərliyi və digər yüksək vəzifəli rəsmilərinin qatıldığı tədbir yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.