MƏDƏNİYYƏT
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Dilim varsa, mən varam” adlı tədbir təşkil olunub
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Dilim varsa, mən varam” adlı tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra iştirakçılara ulu öndər Heydər Əliyevin Azərbaycan dili və Azərbaycan əlifbası haqqında fikirlərindən ibarət stend–plakat sərgisi nümayiş olunub.
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının baş kitabxanaçısı Fəridə Cəfərova hər kəsi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təbrik edərək qeyd edib ki, Azərbaycan dilinin dövlət dili statusu qazanması qürur gətirən tarixi hadisədir.
Daha sonra Xəzər rayon, Binə qəsəbəsi 149 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfinaz Qurbanova “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir: “Bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.
Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür”.
Green Start Akademiyasının rəhbəri Aysel Rəsulzadə müstəqillik illərində Azərbaycan dilinin inkişafına dövlətin qayğısından danışıb. O, qeyd edib ki, dil, ana və vətən sözləri bir-biri ilə bağlıdır: “Ana dili vətən dilidir, bizim ana dilimizin tarixi qədimdir. Azərbaycan dili dünyanın ən qədim və ən zəngin dilləri sırasındadır. Dilimizin ən bariz nümunəsi “Kitabi-Dədə Qorqud”dur”.
Xətai rayon MKS-nin sistem inzibatçısı Gülzadə Quliyeva çıxış edərək bildirib ki, dilimiz çox zəngin və ahəngdar dildir və dərin tarixi köklərə malikdir.
Tədbirin sonunda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova bu cür tədbirlərin keçirilməsində məqsəd doğma ana dilimizin gözəlliklərini, ahəngliyini, rəngarəngliyini gələcək nəslə sevdirmək və tərənnüm etdirmək olduğunu söyləyib.
Bədii hissədə Xəzər rayon 24 nömrəli onbirillik musiqi məktəbinin “Qarabağ” aşıqlar qrupunun ifasında mahnılar səsləndirilib və məktəblilərin ifasında şeirlər dinlənilib.