İDMAN
Azərbaycan Əlillər Futbolu Federasiyasının yetirmələri Xalça Muzeyindən xoş təəssüratlarla ayrılıblar
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Əlillər Futbolu Federasiyasının yetirmələri olan eşitmə qüsurlu gənclərimiz Azərbaycan Xalça Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, muzeyin əməkdaşı Təranə Məlikova xalqımızın qədim xalçaçılıq sənəti haqqında gənclərə məlumat verib. Bildirib ki, muzeyin kolleksiyası Azərbaycan xalçaçılıq sənətinin nadir gözəlliyini, istifadə olunan materialların, toxuma texnikasının xüsusiyyətlərini nümayiş etdirir. “Qızıl fondu”nu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
İdmançı gənclərimizə məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.
Sonda Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov idmançı gənclərə xalçaçılıq sənəti ilə yaxından tanış olmaq imkanı yaratdığına görə muzeyin direktoru Şirin Məlikovaya təşəkkürünü bildirib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu idmançı gənclərimizdə xoş təəssürat yaradıb.