ELM VƏ TƏHSİL


Azərbaycan-Almaniya birgə ekspedisiyası Qarabağ düzənliyində arxeoloji tədqiqatlar aparıb

Bakı, 7 iyul, AZƏRTAC

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Almaniyanın Arxeologiya İnstitutu arasında bağlanılmış müqaviləyə əsasən “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində bölgədə genişmiqyaslı arxeoloji tədqiqatlara başlanılıb.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Qarabağ düzənliyində eramızdan əvvəl VI-IV minilliklərə aid yaşayış məskənlərinin arxeoloji tədqiqidir. İlkin mərhələdə əsas diqqət eramızdan əvvəl IV minilliyə aid Leylatəpə fenomeninə məxsus yaşayış məskənlərinin öyrənilməsinə yönləndirilib. Qarabağ düzənliyində yerləşən Leylatəpə fenomeninə aid 13 abidəyə baxış keçirilib, 2022-ci il tədqiqat mövsümü ərzində onlardan dördündə - Canavartəpə, 2 saylı Sarıcalı, Leylatəpə və Fərmantəpə yaşayış məskənlərində arxeoloji tədqiqatlar aparılıb. Bu abidələrdə topoqrafiq ölçmə işləri aparılıb, onların dron çəkilişləri əsasında 3D modelləri yaradılıb.

Canavartəpə yaşayış məskənində (Ağcabədi rayonunun Taynaq kəndi) aparılan arxeoloji qazıntılar zamanı üç qazma tipli və bir möhrədən inşa edilmiş tikili qalığı, dövrün mədəni-iqtisadi və təsərrüfat həyatını özündə əks etdirən çoxlu sayda maddi-mədəniyyət nümunəsi aşkar edilib. Hazırda bu abidədə tədqiqatlar davam edir.

2 saylı Sarıcalı yaşayış yerinin (Ağcabədi rayonu Sarıcalı kəndi) hündürlüyü 1metrdən azdır. Abidə dağılmış vəziyyətdədir. Burada üç sahədə arxeoloji qazıntı işləri aparılıb və məlum olub ki, mədəni təbəqənin çox hissəsi dağıntılar səbəbindən məhv olub. Salamat qalan təxminən 30-40 santimetrlik hissədə isə hər hansı tikinti qalığına rast gəlinməyib. Az sayda saxsı qab fraqmentlərinə təsadüf edilib. Abidədə qazıntı işləri başa çatdırılıb.

Etnik-mədəni fenomenin eponim abidəsi olan Leylatəpə yaşayış məskənində (Ağdam rayonu Eyvazlı kəndi) arxeoloji qazıntılar 32 ildən sonra bərpa edilib. İlkin olaraq abidənin şimal hissəsində iki sahədə qazıntı kvadratları müəyyənləşdirilərək arxeoloji qazıntı işləri aparılıb.

Aparılan arxeoloji tədqiqatlar coğrafi və ekoloji kontekstdə yaşayış məskənlərinin öyrənilməsini təmin edərək, nəticədə Leylatəpə tipli yaşayış məskənlərinin maddi mədəniyyətinin ətraflı təsvirini verəcək. Leylatəpə fenomeninə aid təsərrüfat kompleksləri heç vaxt tədqiq edilməyib və onun maddi mədəniyyətinin antropoloji baxımdan təhlili hələ də mübahisəlidir. Tədqiqatlar inteqrativ yanaşmadan istifadə etməklə bu problemi həll etmək məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.