SİYASƏT


Azərbaycan-Almaniya əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub

Berlin, 13 mart, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov martın 12-13-də Bavariya federal torpağına işgüzar səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində səfir Münxen şəhərində Bavariya federal torpağının Federasiya, Avropa və mətbuat məsələləri üzrə dövlət naziri Florian Herman, Bavariya Landtaqının birinci vitse-prezidenti Karl Freller və Münxen Təhlükəsizlik Konfransının (MTK) baş əməliyyat məmuru Benedikt Franke ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və regionda gedən proseslər, Azərbaycanın Almaniya, o cümlədən Bavariya federal torpağı ilə əlaqələri, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə mövcud olan əməkdaşlıq və bu əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Ramin Həsənov Bavariya federal torpağının rəsmilərinə Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyini bərpa etdikdən bəri keçdiyi inkişaf yolu, milli maraqlara söykənən xarici siyasəti, enerji əməkdaşlığı, həyata keçirdiyi nəhəng regional layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O, ölkəmizin mürəkkəb geosiyasi regionda yerləşməsinə baxmayaraq, müstəqil siyasət yürütdüyünü, regionda aparıcı iqtisadi gücə çevrildiyini, işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurduğunu, eləcə də demokratik dövlət quruculuğunda mühüm nailiyyətlərə imza atdığını vurğulayıb. Səfir, həmçinin Azərbaycanın beynəlxalq arenadakı fəaliyyətinə toxunaraq, ölkəmizin regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu, Avropa və dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini, eləcə də özünün dini tolerantlıq və multikulturalizm ənənələrindən çıxış edərək dünya ölkələri arasında mədəniyyətlərarası dialoqun dərinləşməsinə töhfələr verdiyini qeyd edib.

Azərbaycan-Almaniya münasibətlərindən danışan səfir xalqlarımız arasındakı əlaqələrin 200 illik tarixə malik olduğunu, bu yubiley tarixinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət səviyyəsində qeyd edildiyini, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun mövcud olduğunu və bütün sahələrdə münasibətlərin dinamik inkişaf etdiyini bildirib.

Görüşlərdə Almaniyanın federal kansleri Angela Merkelin ötən ilin avqustunda Azərbaycana ilk rəsmi səfərinin ikitərəfli münasibətlərə yeni təkan verməsi, Azərbaycanın Almaniyanın regiondakı mühüm tərəfdaşı olması, Almaniya, o cümlədən Bavariya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanların olması vurğulanıb. Bavariya federal torpağının təmsilçiləri ölkəmizdə hökm sürən multikulturalizm və dini tolerantlıq mühitini nümunəvi adlandırıblar və Azərbaycanın mədəniyyətlərarası dialoq mövzusunda keçirdiyi beynəlxalq tədbirləri yüksək qiymətləndiriblər. Onlar Azərbaycanın son zamanlarda keçdiyi inkişaf yolundan və bütün sahələrdə əldə etdiyi uğurlardan məmnunluqlarını ifadə ediblər.

MTK-nın baş əməliyyat məmuru Benedikt Franke Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında fəal iştirakından razılığını ifadə edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransın daim həvəslə gözlənilən qonağı olduğunu vurğulayıb. Ramin Həsənov, həmçinin ölkəmizin Münxen Təhlükəsizlik Konfransında iştirakına və bu qurum ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.