CƏMİYYƏT


Azərbaycan, Almaniya və Türkiyənin həkimləri bir arada - Bakıda
Cərrahiyyə, onkologiya və qastroenterologiyanın aktual problemləri müzakirə olunur VİDEO

Bakı, 11 aprel, E.Hüseynov, AZƏRTAC

Aprelin 11-də Bakıdakı “Monolit Plaza” hotelində cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə birinci Azərbaycan-alman-türk konqresi öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan- Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konqresə 500-dən çox azərbaycanlı və əcnəbi həkim qatılıb. Konqresdə ölkəmizin tibb sahəsinin aparıcı mütəxəssisləri ilə yanaşı, Almaniyanın və Türkiyənin universitet klinikalarından dəvət olunmuş 14 professor referent qismində iştirak edir.

Konqresin işinə uğurlar arzulayan Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel bu beynəlxalq tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Azərbaycan ilə Almaniya arasında tibb sahəsində əlaqələrdən danışan səfir vurğulayıb ki, bu əməkdaşlıq davamlı olmalıdır. O deyib ki, Almaniya Türkiyə və Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlıdır. “Azərbaycanlı rezidentlərin təcrübə üçün Almaniyanın klinikalarına göndərilməsi bizi sevindirir. İstərdik ki, bu proses daha da intensiv olsun”, - deyə Haydrun Tempel bildirib.

Professor Əziz Əliyev çalışdığı Azərbaycan Milli Onkologiya Mərkəzinin uğurlarından danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublikamızın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır. Akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Mərkəzin müasir və yaraşıqlı cərrahiyyə korpusu ən müasir tibbi avadanlıqla təchiz olunub.

Qeyd olunub ki, Azərbaycanda onkoloji xəstəliklərin sayı getdikcə azalır və bədxassəli şişlərdən əziyyət çəkən insanların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardım almaları üçün tam hüquqi zəmin yaradılıb. ABŞ-ın dünya şöhrətli MD Anderson Xərçəng Mərkəzinin Milli Onkologiya Mərkəzinin müasir fəaliyyətini təqdir edərək onunla əməkdaşlıq etmək istəyi, təkcə Mərkəzin, ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur.

Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, tibb sahəsində də əhəmiyyətli inkişafa nail olunduğu konqres iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, ölkəmizdə səhiyyənin inkişafında Türkiyə və Almaniyanın tibb mərkəzləri ilə əlaqələrin böyük rolu var. Vurğulanıb ki, Milli Onkologiya Mərkəzi bu qəbildən tədbirlərin keçirilməsini öz prioritet məqsədlərindən biri hesab edir və bu sahədə böyük təcrübəyə malikdir.

Azərbaycanlı professor Q. Müslümov, türkiyəli professorlar D.Uyak, S.Demirbash, almaniyalı professorlar G.Kehler və M.Nidergetman çıxış edərək mütəxəssis hazırlığı baxımından konqresin faydalı olacağını bildiriblər.

Qeyd olunub ki, konqres çərçivəsində azərbaycanlı həkim və rezidentlər üçün laparoskopik cərrahiyyə, endoskopiya, ümumi cərrahiyyə və radiologiya və endoskopik ultrasonoqrafiya sahələrində treninqlər və ustad dərsləri keçiriləcək. Bu treninqlərdə həkimlərimiz təcrübəli alman və türk professorlarının rəhbərliyi ilə cərrahiyyə, endoskopiya və radiodiaqnostika sahəsində mövcud olan ən yeni metodlara yiyələnəcəklər. Bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən bu konqresə Avropanın davamlı tibb təhsili ilə məşğul olan mərkəzləri tərəfindən bütün ölkələrdə tanınan 21 CME balı verilib. Həmçinin konqres çərçivəsində tələbə, rezident və gənc həkimlərin cərrahiyyə, onkologiya və qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrindən ibarət müsabiqə də təşkil olunacaqdır ki, burada birinci yerin sahibi Almaniyanın universitet klinikalarının birinə, ikini yerin sahibi isə Türkiyəyə 1 aylıq yay praktikasına göndəriləcək.

Sonra konqres paralel olaraq bölmə iclaslarında davam edib. Bölmələrdə əsasən ümumi və laparoskopik cərrahiyyə, onkologiya, qastroenterologiya, endoskopiya və radiologiya sahələrindəki ən son yeniliklərə dair məruzələr dinlənilir, müzakirələr aparılır.

Konqres işini aprelin 13-də başa çatdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.