İQTİSADİYYAT
“Azərbaycan–Amerika Ticarət Əlaqələrinin Genişləndirilməsi” layihəsinin ilk seminarı keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı “Azərbaycan–Amerika Ticarət Əlaqələrinin Genişləndirilməsi” layihəsinin ilk seminarını həyata keçirib.
İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd sahibkarların Azərbaycan məhsullarını Amerika bazarlarına daha rahat çıxara bilməsi məlumatlılığını təmin etməkdir.
“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib ki, “AmCham Azerbaijan” və Amerikanın “MİTA – Full Service Marketplace Agency”nin dəstəyi və “Azexport.az” portalının təşkilatçılığı ilə həyata keçirilən seminarın ilk günündə sahibkarlara Amerika və dünyada mövcud olan elektron ticarət platformaları haqqında ilkin məlumatlar verilib, onların müqayisəli təhlili aparılıb. Seminarın ilk təlimində 60-dan artıq sahibkar iştirak edib.
Silsilə keçiriləcək seminarda iştirakçılara real vaxt rejimində beynəlxalq elektron ticarət platformalarının iş prinsipi, Amerika bazarının tələblərinə uyğun olaraq bazar araşdırmasının aparılması, məhsul seçimi, bazara giriş strategiyası, Amerikada şirkətin təsis olunması, bank və vergi prosedurlarının planlaşdırılması kimi mövzularda məlumatlar təqdim ediləcək.
Ayxan Qədəşov, həmçinin bildirib ki, müasir informasiya kommunikasiya texnologiyaları ölkənin müxtəlif bölgələrindən olan yüzlərlə sahibkarın eyni zamanda yerli və xarici ekspertlərlə daha rahat görüşünü təşkil etmək, həmçinin zaman, logistika, təşkilatı işlər kimi resurslara qənaət etməyimizə imkan yaradır: “Pandemiya dövründə portal 30-dək onlayn təlim, görüş və seminar təşkil edib. Hər növbəti görüşdə iştirakçıların onlayn təlim və seminarlara olan marağının artdığını, həmçinin müasir İKT-dan istifadəsinin daha da təkmilləşdiyini görürük. Fikrimcə pandemiya İKT texnologiyasının ölkədə sahibkarlar, tələbələr və vətəndaşlar tərəfindən daha da sürətlə mənimsənilməsində müsbət rol oynayacaq”.
Qeyd edək ki, “Azərbaycan–Amerika Ticarət Əlaqələrinin Genişləndirilməsi” layihəsinin növbəti seminarları sentyabrın 4, 7, 9-da keçiriləcək.