SİYASƏT


Azərbaycan-Argentina əlaqələri müzakirə edilib

Bakı, 20 aprel, AZƏRTAC

Argentinanın müdafiə naziri Xulio Martinezin Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəşad Aslanov ilə görüşündə ikitərəfli siyasi əlaqələr və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə müdafiə nazirinin strategiya və hərbi məsələlər üzrə müavini Anxel Pablo Tello, logistika və fövqəladə hallarda əlaqələndirmə üzrə müavini Valter Sebayos da iştirak ediblər.

R.Aslanov həmsöhbətinə Azərbaycan haqqında məlumat verib, onun tarixi, yerləşdiyi region, iqtisadi inkişafı və digər ölkələrlə münasibətləri barədə danışıb. Habelə Argentina və Azərbaycan arasındakı münasibətlərin hazırkı durumu və bu münasibətlərin daha da gücləndirilməsi imkanları haqqında söhbət açıb.

Diplomat iki ölkənin müdafiə nazirlikləri arasında, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın da vacibliyinə toxunub, bununla bağlı yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Daha sonra R.Aslanov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, problemin həlli yolları istiqamətində aparılan danışıqlar və bu danışıqlarda Ermənistan tərəfinin tutduğu mövqe barədə qarşı tərəfə məlumat verib. O, beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən sənədləri haqqında danışıb.

Habelə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginliyin əsas səbəb və nəticələri nazirə ətraflı izah edilib. Ermənistan tərəfinin təcavüz siyasətindən əl çəkmədiyi, ötən ildən etibarən Ermənistanın “deterrence” hərbi doktrinasına keçdiyi, işğal olunmuş ərazilərimizə yaxın kəndlərdə yaşayan mülki Azərbaycan əhalisinin davamlı olaraq Ermənistan hərbi qüvvələrinin atəşlərinə məruz qaldığı, son günlər bu atəşlərin daha da intensiv şəkil aldığı, Azərbaycan qoşunlarının mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin hücumlarının qarşısını almaq üçün müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Azərbaycan tərəfinin davamlı sülh və atəşkəs çağırışları etdiyini söyləyən R.Aslanov buna baxmayaraq Ermənistan tərəfinin atəşi dayandırmadığını, əksinə, mülki əhalini daha çox hədəfə aldığını qeyd edib.

Müvəqqəti işlər vəkili Ermənistanın regiondakı durumuna toxunaraq, münaqişə nəticəsində Ermənistanın regiondakı bütün önəmli enerji və nəqliyyat layihələrindən təcrid olunduğunu, bu ölkənin hazırda çətin sosial-iqtisadi vəziyyətdə olduğunu bildirib.

Xulio Martinez Argentinanın bütün ölkələrlə yaxşı münasibətlərin qurulmasına çalışdığını, bu baxımdan Azərbaycanla əlaqələrin gücləndirilməsinin Argentina üçün də önəm daşıdığını vurğulayıb.

Argentinalı nazir ölkəsinin bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsinin də sülh yolu ilə öz həllini tapacağına ümid etdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.