SİYASƏT
Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılıb
Bakı, 6 may, AZƏRTAC
Argentina Senatının müvəqqəti prezidenti Federiko Pinedonun Azərbaycanın müvəqqəti işlər vəkili Rəşad Aslanov ilə görüşündə ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı, Argentina parlamentinin yeni üzvləri ilə azərbaycanlı deputatlar arasında sıx əlaqələrin yaradılması və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi qeyd edilib.
Görüşdə R.Aslanov Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistan silahlı qüvvələrinin son zamanlar təmas xətti boyunca yaşayan mülki Azərbaycan əhalisinə qarşı hücum etmələri, Azərbaycan tərəfinin isə öz əhalisini qorumaq məcburiyyətində qalaraq müvafiq təhlükəsizlik tədbirləri gördüyü diqqətə çatdırılıb. O, aprelin əvvəlində baş vermiş toqquşmalardan sonra yenidən atəşkəs barədə əldə olunmuş razılığa baxmayaraq, Ermənistan tərəfinin atəşkəs razılaşmasını dəfələrlə pozduğunu və mülki əhaliyə qarşı hücumlarını davam etdirdiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman bildirdiyi kimi, ərazi bütövlüyünün hər bir ölkə üçün, o cümlədən Azərbaycan üçün əsas prinsip olduğu və Azərbaycanın da ərazi bütövlüyünün bərpa ediləcəyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan bu münaqişənin həllində ən maraqlı tərəfdir və bunun danışıqlar yolu ilə əldə edilməsini istəyir.
F.Pinedo ölkələrimiz arasında yaxın əlaqələrin mövcudluğunu qeyd edərək, parlamentlər səviyyəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Argentinanın münaqişənin sülh yolu ilə, beynəlxalq hüquqa əsasən həll edilməsinə tərəfdar olduğunu bildirib.