MƏDƏNİYYƏT
Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində tikinti işləri davam edir
Bakı, 4 iyun, AZƏRTAC
Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində aparılan tikinti işləri davam edir. Həyata keçirilən işlərlə əlaqədar Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tikinti aparılan ərazidə olublar, görülən işlərlə maraqlanıblar.
Bu barədə AZƏRTAC-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. Məlumat verilib ki, muzey binası üç mərtəbədən ibarət olacaq və müasir standartlara cavab verəcək. Azərbaycan aşıq sənətinin zəngin irsinin nümayiş olunacağı muzeydə bu sənətlə bağlı eksponatlara da xüsusi yer veriləcək.
Qeyd edək ki, muzeydə tikinti işlərinə 2013-cü ildə başlanılıb. Müəyyən fasilədən sonra binanın inşası davam etdirilir.