MƏDƏNİYYƏT


Azərbaycan Aşıqlar Birliyi yeni layihəyə start verib

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Aşıqlar Birliyində “Aşıqlar dərsləri” adlı yeni layihəyə start verilib.

Bu barədə AZƏRTAC-a məlumat verən birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun sözlərinə görə, ilk dəfə olaraq həyata keçirilən bu layihədə əsas məqsəd aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır. Yeddi audiodiskdən ibarət olacaq layihə çərçivəsində sadədən mürəkkəbə doğru olmaqla hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilməsi yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunacaq. Hər diskdə ən azı 3 aşıq havası yer alacaq və hər hava günümüzün bir tanınmış ustad aşığı tərəfindən bütün xırdalıqlar incələnməklə təqdim ediləcək. Eyni zamanda, həmin aşıq havaları əvvəlki ustad aşıqların ifasında da həmin diskdə təqdim olunacaq ki, bu da gənclər üçün ayrılıqda hər bir havanın müxtəlif aşıq mühitlərində necə ifa olunması və böyük ustadların yaradıcılığı ilə daha yaxından tanış ola bilmələri üçün əlavə imkanlar açacaq.

Bu yaxınlarda işıq üzü görəcək ilk disk ustad aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli və Qələndər Zeynalovun ifasında “Şirvan gözəlləməsi”, “Dübeyti” və “Şahsevəni” havalarının öyrədilməsinə həsr olunub. Diskdə eyni zamanda həmin havaların vaxtilə görkəmli sənətkarlar Pənah Pənahov, Əkbər Cəfərov, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Məmmədağa Babayevə və İsfəndiyar Rüstəmovun ifasında lent yazılarının da verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.