İQTİSADİYYAT


Azərbaycan Asiya İnkişaf Bankının 55-ci İllik Toplantısında iştirak edir

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) 55-ci İllik Toplantısının ikinci hissəsi öz işinə başlayıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il hibrid (üz-üzə və onlayn) formatda keçirilən və üzv ölkələrdən nazirlər, yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin iştirak etdiyi İllik Toplantının gündəliyinə bankın 2021-ci il üzrə iqlimlə əlaqəli maliyyə hesabatı, Asiya və Sakit Okean regionunda dayanıqlı inkişaf məqsədləri, COVID-19 pandemiyasından sonra yaranmış yeni çağırışların dəstəklənməsi, ölkə iqtisadiyyatlarının şaxələndirilməsi və digər məsələlər daxil edilib.

Azərbaycanı Bankın Rəhbərlər Şurasında təmsil edən maliyyə naziri Samir Şərifov sentyabrın 29-da keçirilən Şuranın iclasına videoformatda qoşulub. Rəhbərlər Şurasının üzvləri qurumun ötən ilki fəaliyyəti və maliyyə nəticələri, bankın növbəti illərdəki fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıblar.

Çıxışlarda geosiyasi çağırışların qlobal iqtisadi artıma yaratdığı təhdidlər, yoxsulluğun aradan qaldırılması, ekoloji problemlərin nəticələrinin aradan qaldırılması və digər istiqamətlərdə AİB-in fəaliyyətinin daha da genişləndirməsinin vacibliyi önə çəkilib.

Eyni zamanda, AİB-in 2030-cu ilədək İnkişaf Strategiyasına uyğun olaraq dayanıqlı gələcək üçün əməkdaşlığın gücləndirilməsi, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, yaşıl, davamlı və inklüziv bərpaya keçidin sürətləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Diqqətə çatdırılıb ki, iqlimlə bağlı maliyyə hesabatının nəşri AİB üçün əlamətdar hadisədir və bu, investorlara, səhmdarlara və maraqlı tərəflərə bankın bu sahədə həyata keçirdiyi siyasətdə şəffaflığı artırmaqla yanaşı, iqlim fəaliyyətini və biznes əməliyyatlarını gücləndirməyə kömək edəcək.

İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifov, həmçinin Azərbaycanın da təmsil olunduğu Bankın Səsvermə Qrupunun iclasında iştirak edib.

1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.