CƏMİYYƏT
Azərbaycan Astanada keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq
Astana, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 19-20-də Qazaxıstanın paytaxtı Astanada “Gənclərə sərmayə: Heç kəs diqqətsiz qalmasın” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Qazaxıstan, Yaponiya, Qırğızıstan, Filippin, Tailand, Malayziya, Şri-Lanka və İndoneziyanın müvafiq qurumlarının rəhbərlərinin qatılacağı konfransda Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev də iştirak edəcək.
Konfransda “Gənclərin təhsil və məşğulluq imkanlarının genişləndirilməsi”, “İnformasiya, təhsil və səhiyyə xidmətlərinə universal giriş”, “Gənclərin vətəndaş, iqtisadi və sosial məsələlərdə tam iştirakı” və “qloballaşma kontekstində gənclər üçün imkanlar və risklər” mövzularında panel sessiyalar keçiriləcək.
Gündəlikdə gəncləri narahat edən aktual məsələlər, potensiallarının həyata keçirilməsinə maneələr və onların aradan qaldırılması üçün səmərəli tədbirlər müzakirə olunacaq. Bundan əlavə, iştirakçılar əsas qanunvericiliyin, dövlət layihələrinə və gənclərin inkişafına yönəldilmiş proqramların hazırlanmasında təcrübə mübadiləsi aparacaqlar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana