İDMAN
Azərbaycan Atçılıq Federasiyası 2018-ci ili uğurla başa vurub
Bakı, 31 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyasında (ARAF) 2018-ci ilin yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə il ərzində atçılıq tədbirlərində fəal iştirak etmiş şəxslər, yüksək nailiyyətlər qazanmış idmançılar, məşqçilər, hakimlər və digər idman xadimləri, həmçinin idman klubları mükafatlandırılıblar.
Təltif edilənlər arasında AZƏRTAC-ın əməkdaşı da var.
Tədbirdə çıxış edən federasiya prezidenti Elçin Quliyev qurumun hesabat ilində qarşıya qoyulan məqsədlərə nail olduğunu, bununla da Prezident İlham Əliyevin atçılığın inkişafı və təbliğatı üzrə tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdiyini, atçılığın bütün sahələri - konkur, cıdır yarışları, çövkən milli oyunu, polo üzrə nəzərdə tutulmuş proqramların uğurla gerçəkləşdirildiyini bildirib. E.Quliyev 2019-cu ildə daha yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
Sonra 2018-ci ildə atçılıq sahəsində baş verən mühüm hadisələrə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbir Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının rəngarəng və maraqlı çıxışları, incəsənət ustalarının ifaları ilə davam edib.