SİYASƏT


Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvləri Strasburqda görüşüblər

Strasburq, 27 noyabr, AZƏRTAC

Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclası çərçivəsində quruma yeni seçilmiş deputatlarla görüşmək, onları Azərbaycan reallıqları ilə bağlı məlumatlandırmaq olub. Səfər zamanı bir sıra Avropa deputatları ilə görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Avropa Parlamentində Azərbaycan üzrə dostluq qrupunun təsis iclası da keçirilib. Dostluq qrupunun yaradılması təşəbbüsü Avropa Parlamentinin latviyalı üzvü Andris Ameriks tərəfindən irəli sürülüb. Bu təşəbbüsü dəstəkləyən Avropa deputatları təsis iclasında iştirak ediblər. İclasda dostluq qrupunun fəaliyyətinin genişləndirilməsi, eləcə də internet səhifəsinin yaradılması, baş katibinin seçilməsi istiqamətində müzakirələr aparılıb. Dostluq qrupunun yeni üzvlərinin Azərbaycan reallıqlarını daha yaxından tanımaları məqsədilə ölkəmizə səfərlərinin təşkili məsələsindən söz açılıb. Yaxın gələcəkdə dostluq qrupunun növbəti iclasının keçirilməsi barədə qərar qəbul edilib.

İclasda ölkəmizin Avropa İttifaqı (Aİ) yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycan-Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri və Milli Məclisin deputatı Cavanşir Feyziyev, Milli Məclisin əməkdaşı Babək Ağayev iştirak ediblər.

Nümayəndə heyətinin görüşləri noyabrın 28-dək davam etdiriləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.