SİYASƏT


Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksək səviyyədə inkişaf edir

Bakı, 21 iyul, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfəri bir sıra məqamları ilə diqqət çəkdi. Bununla bağlı əvvəlcə onu qeyd edim ki, Aİ-nin Azərbaycan ilə sıx münasibətləri bu qurumun ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək fonunda formalaşıb. Bununla əlaqədar bir məqamı xatırlatmaq istərdim. Belə ki, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində suverenlik və ərazi bütövlüyü əsas element olaraq daim xüsusi yer tutub. Elə bu səbəbdəndir ki, Şərq Tərəfdaşlığı sammitlərində Azərbaycanın mövqeyi qəti olub və müdafiə edilib. Bu mənada, Şərq Tərəfdaşlığının bu il iyunun 18-də keçirilən sammiti də istisnalıq təşkil etməyib və Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi kimi tarixə düşüb.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

Emin Bağırov vurğulayıb ki, Azərbaycan–Aİ əməkdaşlığının dinamik inkişafı, sözügedən yöndə əldə edilən uğurlar ölkəmizin xarici siyasətində xüsusi yer tutan bu mühüm prioritet istiqamətə xüsusi önəm verilməsinin məntiqi nəticəsidir: “Respublikamız ilə Aİ arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib, bu beynəlxalq təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Respublikamız Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçı kimi tanınıb və yaxın zamanda ölkəmizin Aİ-yə üzv dövlətləri təbii qazla da təchiz edəcəyi nəzərdə tutulub. Azərbaycanda Aİ ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb”.

Emin Bağırovun sözlərinə görə, bu nüfuzlu təşkilatın region dövlətləri arasında Azərbaycan ilə əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verməsi təsadüfi deyil. Çünki strateji tərəfdaşlığa dair imzalanan sənədlər əsasında müəyyən əhəmiyyət daşıyan layihələrin uğurla reallaşdırılması respublikamızın etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Bunu Azərbaycan ilə Aİ-nin iqtisadi fəaliyyətini əks etdirən statistik rəqəmlərdən də aydın görə bilərik. Belə ki, hazırda sözügedən təşkilata üzv ölkələrin 1700-dən çox şirkəti respublikamızda səmərəli fəaliyyət göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizi bu qurumun payına düşür və ötən il bu göstərici 9,5 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın Aİ-yə üzv dövlətlərə ixrac əməliyyatlarının həcmi isə 6,8 milyard ABŞ dolları səviyyəsinə çatıb.

Yeri gəlmişkən, qlobal güc mərkəzi olan Aİ hazırda Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Bu quruma üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalayıb. Məhz bunun nəticəsidir ki, ölkəmizin ticarət dövriyyəsinin yarıdan çoxu Aİ-nin payına düşür.

Prezident İlham Əliyevin və Şarl Mişelin iyulun 18-də Bakıda keçirilən birgə mətbuat konfransında da bütün bunlar barədə ətraflı bəhs edilib. Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rola xüsusi diqqət yetirilərək bildirilib ki, Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu reallaşdırılıb və bu, Azərbaycanla adı çəkilən təşkilatın iqtisadi-siyasi əlaqələrinin daha da dərinləşməsini gerçəkləşdirib.

Bu məsələ ilə bağlı qeyd etmək yerinə düşər ki, ötən ilin son günlərində istismara verilən Cənub Qaz Dəhlizinin sonuncu seqmenti - Trans-Adriatik kəməri vasitəsilə Avropa İttifaqına üzv dövlətlərə artıq 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində önəmli mövqe əldə edib. Ümumi yükaşırma qabiliyyəti 25 milyon tonadək olan Ələt Beynəlxalq Ticarət Limanının açılışı isə ölkəmizin logistik və nəqliyyat imkanlarının potensialı kimi xüsusi əhəmiyyət daşıyıb.

Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə yatırdığı irimiqyaslı investisiyalar, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan yeni hava limanları, çəkilən avtomobil və dəmir yolları da regional və qlobal inteqrasiya proseslərinin daha da sürətlənməsini şərtləndirəcək.

Emin Bağırov açıqlamasının sonunda bildirib ki, Aİ ilə yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər bu nüfuzlu qurumla ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. İndiyədək tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirib. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə edilməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.