SİYASƏT


Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi və nəqliyyat-logistika sferasında əhəmiyyətli rola malikdir

Bakı, 25 may, AZƏRTAC

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçüncü görüşü baş tutdu. Şarl Mişelin bəyanatı bir daha göstərdi ki, görüşdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi şərtlər daxilində müzakirələr aparılıb və qərarlar qəbul olunub. Nəticələr ölkəmizin milli maraqlarına tam cavab verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, “Dağlıq Qarabağ” münaqişəsi sözünün işlədilməməsi və hər hansı “status” məsələsinin qabardılmaması, diplomatiyamızın növbəti uğurudur. 44 günlük müharibədən sonra Prezident İlham Əliyev xarici qonaqların iştirakı ilə keçirilən tədbirdə bəyan etdi ki, Qarabağ konflikti artıq yoxdur. Bu terminlər siyasi leksikondan çıxarılır, tarixin arxivinə atılır.

Deputat diqqətə çatdırıb ki, Qarabağda yaşayan ermənilərin hüquqlarının qorunmasının, təhlükəsizliyinin təmin olunmasının tələb edilməsi normaldır, anlaşılandır. Bunu dövlətimizin başçısı ən yüksək səviyyədə dəfələrlə səsləndirib.

İşğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə taxın vətəndaşımızın taleyi ilə bağlı məsələlər dövlətimiz tərəfindən ardıcıl olaraq qaldırılır. Bu o deməkdir ki, Azərbaycan dövləti üçün hər bir vətəndaş əhəmiyyət kəsb edir və onların taleyinə biganə deyil.

Artıq iki dövlətin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı delimitasiya komissiyasının yaradılması barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Analoji komissiya Ermənistanda da yaradılıb və yaxın günlərdə sərhəd bölgəsində ilk görüş baş tutacaq. Aprelin 6-da keçirilən görüşdə delimitasiya və demarkasiya komissiyasının yaradılması razılaşdırılsa da, erməni tərəfinin əsassız tələbləri prosesi ləngitdi. Ermənistan indiki şansdan yararlanmalı, konstruktiv danışıqlara başlamalıdır.

N.Məhəməliyev qeyd edib ki, görüşdə kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların, sərhəd-keçid məntəqələrinin, gömrük prosedurlarının, torpaq haqlarının tənzimlənməsi barədə razılaşmalar da əldə olunub. Bu istiqamətdə görülən işlər beynəlxalq praktikaya və iki ölkə arasında əldə olunan razılaşmalara uyğun aparılacaq.

“Hesab edirəm ki, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığı sürətləndirəcək. İqtisadi əməkdaşlıq isə, regionda dayanıqlı sülhün əldə olunmasını təmin edəcək. Ermənistan başa düşməlidir ki, düşmənçiliyə son qoyulmalıdır. Əks təqdirdə onların gələcəyi olduqca dumanlı görünür. Sülhə alternativ yoxdur.

Üçtərəfli görüşdə iqtisadi inkişafın təmin olunması üçün Məsləhət Qrupunun işinin davam etdirilməsi qərara alınıb və hər iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə işçi qrupları fəaliyyətə başlayıb. İqtisadi əlaqələrin bərpasında Azərbaycan və Ermənistanla yanaşı, Avropa İttifaqı da maraqlıdır. Avropa İttifaqı Azərbaycanın ən iri xarici ticarət partnyorudur və xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda İttifaqın enerji təhlükəsizliyi, nəqliyyat-logistika sferasında ölkəmiz əhəmiyyətli rola malikdir”, - deyə Nəsib Məhəməliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.