İQTİSADİYYAT


Azərbaycan Avropa İttifaqının etibarlı iqtisadi tərəfdaşıdır

Bakı, 25 may, AZƏRTAC

Azərbaycanda makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı müstəqil ölkəmizin daha da qüdrətlənməsində mühüm önəm daşıyır, respublikamızın dünyada nüfuzunu daha da artırır. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı ilə sıx əməkdaşlığında da bu məsələlər diqqətdə saxlanılır. Bu nüfuzlu təşkilata üzv ölkələr Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi məhz bu quruma üzv dövlətlərin payına düşür. Ölkəmizlə Avropa İttifaqı arasında ticarət əlaqələri Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənib. Təsadüfi deyil ki, Avropa İttifaqı ticarət tərəfdaşlarımız arasında birinci sıradadır. Bu təşkilat Azərbaycanın ixracda 45,8 faiz, idxalda isə 27,89 faiz payla ən böyük ticarət tərəfdaşıdır. Qurumun Azərbaycana ixracı əsasən maşınqayırma və nəqliyyat avadanlıqları, Azərbaycanın Avropa İttifaqına ixracı isə əsasən neft və qaz məhsullarıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov söyləyib.

O qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı ölkələri arasında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard ABŞ dolları, 30,5 faiz), Almaniya (768,70 milyon ABŞ dolları, 16,25 faiz) və Böyük Britaniyadır (449,71 milyon ABŞ dolları, 9,5 faiz).

“Hazırda da Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığı uğurla inkişaf edir. Ölkəmizlə bu nüfuzlu beynəlxalq təşkilatın ticarət tərəfdaşlığında təbii qaz ixracı daha çox diqqət çəkir. Burada tərəflər arasında birgə iqtisadi layihələrin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin, o cümlədən TAP layihəsinin mühüm önəm daşıdığını da qeyd etmək yerinə düşər. Belə ki, Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı da məhz bu beynəlxalq qurumdur. Xatırladaq ki, hazırda Avropa İttifaqına üzv ölkələr tərəfindən Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirilir. Yeri gəlmişkən, XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin dördüncü seqmenti – Transadriatik qaz kəməri (TAP) 2020-ci il dekabrın 31-də istismara verilib və həmin vaxtdan Azərbaycanın Avropaya “mavi yanacaq” ixracı başlayıb. Xatırladaq ki, TAP Avropa İttifaqı ilə Azərbaycan arasında birgə iqtisadi layihələr sırasında xüsusi yer tutur. Ümumiyyətlə, adı çəkilən qaz kəmərinin daxil olduğu və Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Hazırda Avropa İttifaqına üzv ölkələr tərəfindən Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirilir”, - deyə E.Bağırov söyləyib.

O əlavə edib ki, Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu Avropa İttifaqı ilə iqtisadi-siyasi əməkdaşlığın qarşılıqlı əhəmiyyətindən və faydalılıq səviyyəsindən xəbər verir. Xatırladaq ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə ötən il Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edib, cari il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixracı planlaşdırılıb: “Cənub Qaz Dəhlizi layihəsindən söz düşmüşkən, 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalanaraq, bu dəhlizin Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Avropa İttifaqının enerji təhlükəsizliyinin şaxələndirilməsində mühüm rol oynaya biləcək strateji təşəbbüs kimi yüksək dəyərləndirilib. Azərbaycan hazırda Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu istiqamətlərdə 1992-ci ildən etibarən respublikamıza 600 milyon avroya yaxın yardım göstərilib. Bütün bunlar Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir. Məhz bunun nəticəsidir ki, respublikamızla Avropa İttifaqı arasında əlaqələr enerji, investisiya, ticarət və sair sahələrdə yüksək səviyyədə inkişaf edir, bu beynəlxalq təşkilat Azərbaycanın yuxarıda vurğuladığımız əsas ticarət tərəfdaşlarından biri kimi tanınır. Avropa İttifaqı bu gün dünyada həm də ən böyük siyasi mərkəzlərdən biri kimi tanınır, fəaliyyətində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına qərəzsiz və bitərəf yanaşması ilə diqqət çəkir. Burada ən mühüm cəhət isə odur ki, bu nüfuzlu quruma Azərbaycan və Ermənistan tərəfdən də etimad göstərilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.