İQTİSADİYYAT


Azərbaycan Avropanın etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini gücləndirir

Enerji idxalçısı olan İtaliya TAP boru kəməri sayəsində təbii qaz ixracatçısına çevrilib

Roma, 19 yanvar, AZƏRTAC

Azərbaycanın enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı (Aİ) ilə fəal əməkdaşlığı və strateji tərəfdaşlıq əlaqələri öz bəhrələrini verir və bu işbirliyi qitə ölkələrinə fayda gətirməkdədir. Bu xüsusda İtaliyanı qeyd etmək lazımdır. Belə ki, Avropada təbii qaz böhranının yaşandığı indiki şəraitdə enerji idxalçısı kimi tanınan İtaliya Azərbaycan qazını qitəyə nəql edən TAP boru kəməri sayəsində təbii qaz ixracatçısı olub. Bu, Azərbaycanın Avropada etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirməsi hesabına baş verib.

Artan enerji qiymətləri fonunda İtaliya necə təbii qaz ixrac edə bilir?

Sualın cavabı sadədir. İtaliya məhz Azərbaycan qazını qitəyə nəql edən TAP boru kəməri sayəsində enerji idxalçısından təbii qaz ixracatçısına çevrilib. Belə ki, ötən ilin dekabr ayının ikinci yarısında İtaliya təbii qaz ixracına başlayıb. Dekabrın 31-də İtaliya gündəlik 214 milyon kubmetrə bərabər olan təbii qaz istehlakının təxminən 10 faizini, yəni 20 milyon kubmetrini xaricə satıb. Hazırda İtaliyanın gündəlik təbii qaz istehlakı 300 milyon kubmetrdən çoxdur.

Böyük enerji idxalçısı kimi tanınan İtaliya qiymətlərin maksimuma çatdığı indiki şəraitdə Azərbaycandan idxal etdiyi həcmlər hesabına təbii qaz ixrac edir. Bu, uzunluğu 878 kilometr olan, Cənub Qaz Dəhlizinin sonuncu həlqəsini təşkil edən və Azərbaycan təbii qazını Avropaya çatdıran TAP qaz boru kəmərinin 2020-ci il dekabrın 31-də kommersiya məqsədilə qaz nəqlinə başlaması ilə əlaqədardır. Boru kəməri indiyədək Azərbaycandan İtaliyaya təxminən 8 milyard kubmetr qaz nəql edib.

TAP-dan gələn həcmlər İtaliyada təbii qazın topdansatış qiymətini də aşağı salıb və bu, Avropa ölkələri ilə qiymət fərqinə səbəb olub.

Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə Avropa İttifaqının enerji əməkdaşlığının əhəmiyyətini qeyd edib. Prezident deyib: “Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edirik. Xüsusilə indiki şəraitdə. Avropada qaz böhranı yaşanır. Bizim qazımıza böyük ehtiyac var”.

“Azərbaycan da etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi”, - deyə dövlətimizin başçısı əlavə edib.

Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışan Azərbaycan Prezidenti qeyd edib: “Birinci onu deməliyəm ki, Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir və bu nəhəng enerji layihəsini bu dərəcədə, yəni keyfiyyətlə və çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan da böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni bir komanda şəklində necə deyərlər, səfərbər edib”.

“Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdı - həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması.

Qış təzə başlayır və gözlənilir ki, qış çox sərt olacaq. Ona görə qazın çatışmazlığı böyük fəsadlara gətirib çıxaracaq. Azərbaycan qazının həcmi o qədər də böyük deyil, amma bir neçə ölkə üçün bu, həlledici ola bilər və əlbəttə ki, ilk növbədə, burada bizim maraqlarımız təmin olunur. Çünki əgər bu kəmər çəkilməsəydi, biz zəngin qaz ehtiyatlarının üstündə, necə deyərlər, oturacaqdıq, nəyi isə gözləyəcəydik. Əgər bu perspektiv olmasaydı, heç bir şirkət milyardlarla, on milyardlarla dollar vəsaiti bu yataqların işlənməsinə qoymazdı. Hazırda ixrac artır, yeni rəqəmlər mənə təqdim edildi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Cari ildə Azərbaycanda 45 milyard kubmetr qazın hasil olunmasının gözlənildiyini və bu həcmin 19 milyard kubmetrinin ixraca göndəriləcəyini deyən dövlətimizin başçısı qeyd edib: “Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda, Avropa məkanına daha böyük həcmlə çıxa bilək. Məhz bizim bu layihəmiz, eyni zamanda, Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var”.

“Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Bu, bizim böyük üstünlüyümüzdür. Həm ölkəmizə əlavə vəsait gətirəcək, ölkəmizin beynəlxalq imkanları genişlənəcək və təbii ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrində bu faktor bundan sonra da mühüm rol oynayacaq”, - deyə ölkə başçısı bildirib.

Qeyd edək ki, cari ildə Azərbaycandan ixrac üçün nəzərdə tutulan təxminən 19 milyard kubmetr təbii qazın 8 milyard kubmetrdən çoxu Türkiyəyə, 7 milyard kubmetrdən çoxu isə İtaliyaya çatdırılacaq. Qalan qaz həcmləri Gürcüstan, Bolqarıstan və Yunanıstana nəql olunacaq.

TAP boru kəməri genişləndiriləcək

Boru kəmərinin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Hazırda TAP-ın genişləndirilməsi üzrə bazar araşdırması aparılır. İki mərhələdə aparılan bazar araşdırması ilə TAP kəməri 3 genişləndirmə ssenarisi təklif edir: məhdud genişləndirmə (təqribən ildə 14,4 milyard kubmetr), qismən genişləndirmə (illik 17,1 milyard kubmetr) və tam genişləndirmə (ildə təxminən 20 milyard kubmetr).

2020-ci ilin dekabrında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. Artıq 8 milyard kubmetrdən çox qazın təhlükəsiz şəkildə nəql edilməsi TAP infrastrukturunun bir çox bazarda şaxələndirilməsinə imkan yaradıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qoludur və Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirən qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

Boru kəməri Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqli şəbəkəsinə birləşib. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.

İtaliya qaz anbarlarının tutumuna görə Avropada ikincidir

TAP boru kəməri ilə Azərbaycandan İtaliyaya gələn qaz həcmləri sayəsində yay aylarında yeraltı anbarlar doldurulub. Həmin həcmlər daha çox ehtiyac duyulan qış aylarında istifadə olunur.

İtaliya, həmçinin yüksək tutuma malik təbii qaz anbarlarına malikdir. İtaliya qaz anbarlarının tutumuna görə Almaniyadan sonra Avropada ikinci ölkədir və “Snam” şirkəti ən böyük operatordur.

Ümumilikdə, İtaliyadakı yeraltı qaz anbarlarının maksimum tutumu təxminən 18 milyard kubmetrdir ki, bunun da 4,5 milyard kubmetri strateji anbardır. İtaliya, həmçinin Fransa ilə birlikdə tənzimləmə anbarı olan yeganə ölkədir.

İtaliya həmişə xalis enerji idxal edən ölkə olub və istehlak olunan qazın təxminən 90 faizini xaricdən alıb. Azərbaycanla yanaşı, Rusiya, Əlcəzair, Şimali Avropa ölkələri və Liviya İtaliyanın təbii qaz təchizatçılarıdır. Keçən il İtaliyanın təbii qaz istehlakı təqribən 70 milyard kubmetr olub. Ölkə hazırda təxminən 3,5 milyard kubmetr qaz hasil edir.

Qeyd edək ki, son 3 ildə Avropada təbii qaz istehsalı 15 faiz azalıb. Buna səbəb qeyri-müəyyənlik nəticəsində təbii qaz investisiyalarının azalması, pandemiya və Avropa İttifaqının hələ də qazı ənənəvi enerji mənbəyi kimi qəbul etməsidir.

Əminliklə deyə bilərik ki, TAP-ın çatdırdığı təbii qaz həcmləri Avropa İttifaqı üçün yeni, etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır. TAP Cənub-Şərqi Avropa ölkələrini də qazla təchiz edə bilər. Boru kəmərinin Yunanıstan ilə Albaniyadakı çıxışları və İtaliya sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Layihə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasına böyük imkanlar yaradır.

Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, eləcə də yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP, həmçinin Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın şaxələndirilməsində, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rola malikdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.