SİYASƏT


Azərbaycan-Avstriya parlamentlərarası əlaqələri və əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Avstriya parlamentinin Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu arasında onlayn formatda görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili ölkələrimiz arasındakı münasibətlərin müsbət inkişaf dinamikasından, mövcud potensialından və perspektivlərindən söhbət açıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını erməni işğalından azad etməklə bölgədə yeni reallıqlar yaratdığını qeyd edib, əməkdaşlıq imkanları barədə danışıb.

Avstriya parlamentinin Cənubi Qafqaz üzrə parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Qudrun Kuqler və qrupun üzvləri müharibədən sonra bölgədə yaranmış şərait, köçkünlərin taleyi, tarixi və dini abidələrin qorunması məsələləri, həmçinin Azərbaycanda koronavirus infeksiyasına qarşı mübarizə, pandemiya dövründə təhsil, vaksinasiya prosesinin gedişi ilə maraqlanıblar.

Milli Məclisin deputatları Tahir Mirkişili, Mahir Abbaszadə, Ülviyyə Ağayeva, Əli Məsimli, Sahib Alıyev, Nurlan Həsənov, Elnur Allahverdiyev Avstriya parlamentarilərini maraqlandıran məsələlərə aydınlıq gətiriblər. Çıxış edənlər Azərbaycanda aparılan islahatlar, ölkə daxilində yaradılan siyasi dialoq platforması, tarixi və dini abidələrin dövlət səviyyəsində qorunması, mövcud tolerantlıq barədə danışıblar. Görüşdə 30 illik işğalın ölkəmizə vurduğu ziyandan bəhs olunub, Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb, bu kimi məsələlərdə beynəlxalq ictimaiyyətin susqunluq nümayiş etdirməsinin anlaşılmaz olduğu bildirilib.

Görüş iştirakçılarına ölkəmizdə pandemiya ilə bağlı həyata keçirilən siyasət, hökumətin iqtisadi sahədə atdığı dəstəkləyici addımlar, sosial yardım paketləri, məhdudlaşdırmalar və vaksinasiya tədbirləri barədə də məlumatlar verilib.

Konstruktiv dialoq şəraitində keçən onlayn tədbirdə Azərbaycanla Avstriya arasında əməkdaşlıq formatları, qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif sahələrdə əlaqələrin inkişafı vacibliyi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Əminə Ağazadə, Vüqar Bayramov və digər rəsmi şəxslər də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.