REGİONLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Şimal bölgəsində vətəndaşları qəbul edəcək
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov iyulun 31-də Quba rayonunda, idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Qusar rayonunda, avqust ayının 2-də isə Xızı rayonunda vətəndaşları qəbul edəcəklər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Məmmədovun qəbulu Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Quba və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.
Sədr müavini Ə.Qocayev isə Qusardakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək. Qəbulda yalnız Qusar rayonunun sakinləri iştirak edə bilərlər. Saat 10:00-da başlanılacaq hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.
Bundan başqa, Ə.Qocayev avqustun 2-də saat 10:00-da Xızı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirəcək. Qəbulda yalnız Xızı rayonunun sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul və avqust aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.