REGİONLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Tərtər və Goranboyda vətəndaşları qəbul edib VİDEO
Tərtər, 24 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ayın 24-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Tərtərdə vətəndaşlarla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstəsi qoyulub.
Gənclər Mərkəzində keçirilən qəbulda Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, digər müraciətlər üzrə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Eyni zamanda, Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev Goranboy rayonunda vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.