REGİONLAR
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaş qəbulu keçirəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov oktyabrın 18-də Qazax rayonunda, idarə heyəti sədrinin müavini Əvəz Qocayev isə Tovuz rayonunda vətəndaşları qəbul edəcəklər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Məmmədovun qəbulu saat 12:00-da Qazax şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Qazax və Ağstafa rayonlarının sakinləri iştirak edə bilərlər.
Ə.Qocayev isə Tovuz şəhərində saat 11:00-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Tovuz rayonunun sakinləri iştirak edə bilərlər.
Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək. Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.