CƏMİYYƏT


Azərbaycan Əxzi-Əsgər Təşkilatının yaradılmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

Bakı, 11 iyul, AZƏRTAC 

İyulun 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan Xalq Cümhuriyyəti Müvəqqəti Hökumətinin 1894-1899-cu illərdə anadan olmuş vətəndaşların orduya çağırılması və Azərbaycan Əxzi-Əsgər Təşkilatının yaradılması haqqında qərarları ilə bağlı tədbir keçirilib.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxışında Cümhuriyyət dövründə dövlətçilik prinsiplərindən danışaraq deyib: “Beynəlxalq münasibətlərin son dərəcə gərgin olduğu bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövründə müasir dövlətçilik prinsiplərinə əsaslanan idarəetmə sisteminin əsası qoyulub, cəmiyyətin bütün sahələrində inkişafın təməlləri atılıb. Əksər dövlət strukturlarının formalaşması məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verib”.

Z.Abdullayev 1918-ci il iyulun 11-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin “Mükəlləfiyyət əsgəriyyə ifasına dəvət haqqında qərar” qəbul etdiyini və bu qərarla Cümhuriyyətin 1894-1899-cu il təvəllüdlü bütün müsəlman vətəndaşlarının Azərbaycan ordusuna çağırıldıqlarını bildirib.

Qeyd olunub ki, həmin tarixdə verilmiş 55 saylı qərarla isə Gəncə Əxzi-Əsgər Dairəsi Azərbaycan Əxzi-əsgər şöbəsi adlandırılıb, ölkədə hərbi xidmətə çağırış və səfərbərlik işinin təşkili mərkəzləşdirilib.

Z.Abdullayev qeyd olunan sahələr üzrə müasir dövrdə ciddi nailiyyətlərin qazanıldığını vurğulayıb: “Cümhuriyyətin və ulu öndər Heydər Əliyevin ordu quruculuğu, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində yaratdıqları ənənələri uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2012-ci il fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması haqqında Fərman imzalayıb”.

Tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı fakt və sənədlərin araşdırılmasının nəticəsi olaraq Cümhuriyyət dövründə çağırış və səfərbərlik sisteminin yaradılmasının 1918-ci il iyulun 11-dən başladığını bildirib. O, Azərbaycan Mərkəzi Əxzi-Əsgər İdarəsinin fəaliyyətindən, Xalq Cümhuriyyəti dövründə hərbi xidmətə çağırışın təşkili qaydalarından danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli mürəkkəb hərbi-siyasi vəziyyət hökm sürdüyü vaxt hərbi xidmətə ilk çağırışın həyata keçirilməsinin vacib məsələ olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, Cümhuriyyətin dəyərli mirası olan səfərbərlik və hərbi çağırış sistemi ötən 100 ildə şərəfli yol keçərək zəngin təcrübə və ənənələrlə bu günümüzə gəlib çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.