MƏDƏNİYYƏT
Azərbaycan BMDTT-nin İcraiyyə Şurasının 2018-2021-ci illər üçün yenidən üzvü seçilib
Bakı, 15 sentyabr, AZƏRTAC
Məlum olduğu kimi, BMDTT-nin 22-ci Baş Assambleyası çərçivəsində keçirilmiş Avropa Komissiyasının iclasında seçkilər baş tutub. BMDTT-nin İcraiyyə Şurasına Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva üzv seçilib və Baş Assambleyanın qərarı ilə üzvlük təsdiqlənib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Baş Assambleyanın 22-ci sessiyasında Azərbaycan hökuməti adından çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizin uğurları, həyata keçirilən layihələr və Azərbaycan-BMDTT əməkdaşlığı barədə üzv ölkələrə geniş məlumat verib. İcraiyyə Şurasının üzvü kimi gələcəkdə də həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təşkilatın prinsip və məqsədlərinə nail olmaq üçün ölkəmizin öz səylərini əsirgəməyəcəyini vurğulayıb.
Qeyd edək ki, ölkəmiz 2013-2017-ci illərdə Şuranın üzvü olub, 2017-ci ildə isə Şuraya sədrlik edir. Azərbaycanın son illərdə turizm sahəsində qazandığı uğurları və Şurada səmərəli fəaliyyəti nəticəsində ölkəmizin növbəti dövr üçün namizədliyi səsvermə zamanı dəstəklənib. Bu mühüm uğur Prezident İlham Əliyevin turizm sahəsinə və beynəlxalq əməkdaşlığa göstərdiyi daimi diqqətin nəticəsində dövlətimizin əldə etdiyi beynəlxalq ictimaiyyətin etimadının göstəricisidir.