İQTİSADİYYAT
Azərbaycan Banklar Assosiasiyası Türkiyə Banklar Birliyinin təcrübəsini öyrənir
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası Türkiyə Banklar Birliyinin təcrübəsini öyrənir.
AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, qurumun nümayəndə heyəti Türkiyə Banklar Birliyində olub. ABA-nın icraçı direktoru Yunus Abdulov və baş iqtisadçı Bəhruz Əhmədov Türkiyə Banklar Birliyinin (TBB) baş katibi Ekrem Keskin ilə görüşüblər. Türkiyə Banklar Birliyində üç gün davam edən görüşlərdə ABA-nın nümayəndə heyətinə TBB-nin fəaliyyətinin əsas istiqamətləri, o cümlədən bank sektoru üzrə tənzimləmələr, bu istiqamətdə işçi qruplarının fəaliyyəti və dövlət qurumları ilə əlaqələr, qurumun nəzdində yaradılmış Risk Mərkəzinin fəaliyyəti, həyata keçirilən araşdırmalar və qurulmuş statistik informasiya sistemi, istehlakçıların hüquqlarının qorunması, müştəri şikayətlərinə baxılması qaydaları haqqında geniş təqdimatlar edilib. Görüşdə qeyd olunan məsələlər üzrə mövcud təcrübənin ABA-da tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.