REGİONLAR
“Azərbaycan Bayrağı” ordenli şəhid Şahlar Allahverdiyevin barelyefinin açılışı olub
Tərtər, 15 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonu Sarov kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş “Azərbaycan Bayrağı” ordenli Şahlar Allahverdiyevin barelyefinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin, şəhidin ailə üzvlərinin və döyüş yoldaşlarının iştirakı ilə keçirilən mərasimdə torpaqlarımız uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidin mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binaları, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomobil və əlil arabası ilə təmin olunub. Tərtər şəhərinin küçələrinə Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, İlqar Həsənovun adları verilib.
Şahlar Allahverdiyevin atası Mənsim Allahverdiyev, keçmiş döyüşçülər tədbirdə çıxış edərək, Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra Şahlar Allahverdiyevin barelyefinin üzərindən ağ örtük götürülüb.