SİYASƏT


Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib

Minsk, 14 noyabr, AZƏRTAC

Azərbaycanın Belarusdakı səfirliyi Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş konfrans keçirib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, konfransda əsas qonaq qismində iştirak edən Belarus parlamentinin yuxarı palatasının sədr müavini Marianna Şyotkina, parlamentin aşağı palatasının sədr müavini Boleslav Pirştuk, Belarus xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko çıxış ediblər. Bundan başqa, tədbirdə Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Ukraynanın Belarusdakı səfirləri, Rusiyanın MDB yanında daimi nümayəndəsi, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini, Belarusun aparıcı universitetlərinin rektorları, elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri açan səfir Lətif Qəndilov Belarusun yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin konfransda iştirakını ölkəmizə olan böyük hörmətin, diqqətin nümunəsi kimi xarakterizə edib. O, dövlət başçıları arasında olan şəxsi dostluq münasibətlərini ikitərəfli əlaqələrdə mühüm amil kimi qiymətləndirərək bu münasibətlərin dövlətlərarası əməkdaşlığa nümunə olduğunu söyləyib. Səfir qeyd edib ki, hər iki dövlət başçısı müdriklikləri sayəsində keçid dövrünün çətinliklərini aradan qaldıraraq ölkələrimizi dünyada hörmətə layiq olan dövlətlərə çevirib və ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.

Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini M.Şyotkina və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini B.Pirştuk öz çıxışlarında dövlətlərimiz arasında bütün sahələrdə əlaqələrin, o cümlədən parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Xarici işlər nazirinin birinci müavini A.Yevdaçenko qeyd edib ki, Azərbaycan Belarusun ən mühüm tərəfdaşlarından biridir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş ikitərəfli münasibətləri Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Nazirin birinci müavini Belarus ilə Azərbaycan arasında uzunmüddətli səmərəli tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd edərək, Azərbaycan Prezidentinin Belarusa gözlənilən səfərinin ikitərəfli münasibətlərimizə böyük töhfə verəcəyini söyləyib.

Tədbirdə, həmçinin diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar səfirlik tərəfindən “Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 ili” kitabının və gümüş xatirə nişanının təqdimatı olub. Səfir L.Qəndilov Azərbaycan ilə Belarus arasında münasibətlərin inkişafında xidmətlərinə görə Belarusun Azərbaycanda ilk səfiri olmuş Nikolay Patskeviçi, xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenkonu və Belarus parlamentində Belarus-Azərbaycan dostluq qrupunun rəhbəri, parlamentin milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Valentin Mixneviçi gümüş xatirə nişanı ilə təltif edib. Qeyd edək ki, 25 illik xatirə nişanı ilə Azərbaycan və Belarus arasında münasibətlərin inkişafında xidmətlərinə görə Azərbaycanın və Belarusun digər dövlət və hökumət nümayəndələri də təltif olunacaqlar.

Tədbirdən sonra konfrans iştirakçıları üçün qəbul təşkil edilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.