MƏDƏNİYYƏT


Azərbaycan Bəstəkarlar İttifaqında görüş

Bakı, 7 dekabr, AZƏRTAC

Bəstəkarlar İttifaqında Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun döyüş yoldaşları ilə görüş keçirilib.

Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu AZƏRTAC-a bildirib ki, görüşdə əsrlərboyu ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrini həmişə dostluq, qardaşlıq münasibətləri birləşdirdiyi vurğulanıb. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlərin müstəsna rol oynadığı bildirilib.

Azərbaycan Bəstəkarlar İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ölkəmizin tarixboyu dünya mədəniyyətlərini bir-birinə qovuşduran unikal məkan kimi tanındığını, bu amilin Azərbaycan mədəniyyətində də mehriban qonşuluq, din azadlığı, millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinin əsasını qoymağa imkan yaratdığını qeyd edib.

Bildirilib ki, uzun əsrlərdən bəri yəhudilər Azərbaycan ərazisində sülh şəraitində yaşayırlar. Onların mədəniyyəti, adət-ənənələri tarixboyu dövlət səviyyəsində qorunub, indi də sinaqoqları yenidən bərpa edilir. Öz növbəsində, Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycanın bütün vətəndaşları kimi yəhudi millətindən olan vətəndaşlarımız da yaxından iştirak edib və yeri gələndə canlarından keçərək şəhidlik kimi müqəddəs zirvəyə qalxıblar.

Milix Yevdayev də öz növbəsində, bu gün Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini qeyd edib.

“Azərbaycan, bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq. Xeyir-şərimizdə bir olmuşuq. Dünyada elə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda Azərbaycanda olduğu kimi qovuşdurub, doğma övladı tək yaşatsın”, – deyə icma rəhbəri bildirib.

Milix Yevdayev daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının 85 illik yubileyinə həsr edilən Musiqi Festivalının açılışında Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasovun bəstələdiyi “İn Memoriam...” əsərinin ifasına görə təşəkkürünü bildirib, əsərin müəllifinə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının fəxri fərmanını təqdim edib. Əsərin ərsəyə gəlməsində rəhbərlik etdiyi uşaq Xoru ilə yaxından iştirak edən Milli Konservatoriyanın kafedra müdiri Leyla Zaliyevaya da icmanın fəxri fərmanı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.