MƏDƏNİYYƏT
Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilmiş musiqi festivalı başa çatıb
Bakıda daha bir musiqi bayramı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilmiş musiqi festivalının noyabrın 5-də bağlanış mərasimi olub.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib. Orkestrin dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.
Konsertdə Lalə Cəfərovanın “Marş” və “Daimi hərəkət” pyesləri, Rauf Əliyevin ulu öndər Heydər Əliyevə ithaf etdiyi “Ballada”sı, Sevda İbrahimovanın “Qarabağnamə”, Məmmədağa Umudovun “Balet” süitası, Ədviyyə Rəhmətovanın “İlmələr”, İlham Azmanlının “Azerbaijani colors” və Azər Dadaşovun “Dəstgah” süitası ifa edilib.
Xalq Artisti, professor Ramiz Quliyev (tar), Fariz Əliyev (tütək) və respublika müsabiqəsi laureatları Mehri Əsədullayeva (kamança) və Aynur Qasımova (qanun) konsertdə solist kimi çıxış ediblər.