MƏDƏNİYYƏT


Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr edilmiş musiqi festivalı davam edir

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində növbəti konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə festival haqqında məlumat verib. Bildirib ki, oktyabrın 28-dək davam edəcək festival çərçivəsində müxtəlif mədəniyyət ocaqlarında silsilə konsertlər təqdim olunacaq.

F.Əlizadə Azərbaycan musiqi sənətinin inkişafında mühüm xidmətlərinə görə görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovu Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib.

Sonra Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında tanınmış bəstəkarlarımızın əsərləri səsləndirilib.

Konsert proqramında Tofiq Bakıxanovun “Arpaçay”, Dadaş Dadaşovun “Uğur olsun”, Elnarə Dadaşovanın “Osmanı”, Vasif Allahverdiyevin “Azərbaycanım”, Yaşar Xəlilovun “Əcəmi” – Simfoniyetta, Kamal Əhmədovun “Naxçıvan lövhələri”, Tural Məmmədlinin Süita ( I hissə), İlahə İsrafilovanın “Dədə Qorqud” baletindən “Türk yallısı” və digər musiqi nömrələri və kompozisiyalar səsləndirilib.

Respublikanın tanınmış ifaçılarının iştirakı ilə reallaşan konsert proqramı maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.