RƏSMİ SƏNƏDLƏR


“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, Azərbaycan Respublikası Prezidentinin “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” 2009-cu il 7 avqust tarixli 144 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilsin.

2. Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştiraketmə hüququ aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Bankın satılması, yenidən təşkili və ləğvi;

2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqinə:

2.2.1. Bankın Müşahidə Şurasının üzvlərinin, o cümlədən onun rəhbərinin vəzifəyə seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.2.2. Bankın icra orqanının rəhbərinin vəzifəyə seçilməsi, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.2.3. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri kredit təşkilatının aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

2.2.4. Bankın nizamnamə kapitalının artırılması və azaldılması barədə qərar qəbul edilməsi, səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi;

2.2.5. Bankın kənar auditorun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyə etdiyi illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul edilməsi;

2.2.6. Bankın nizamnaməsinin təsdiq edilməsi və onun dəyişdirilməsi;

2.2.7. Bankın törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və fəaliyyətlərinə xitam verilməsi, başqa bankın satın alınması barədə qərarlar qəbul edilməsi;

2.2.8. bu Fərmanın 2.1-ci və 3.2-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və Bankın nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətinə aid edilmiş digər məsələlərin həll edilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

3.2. Bankın Müşahidə Şurasının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2 – 24.1.6-cı, 24.1.7-ci (icra orqanının üzvlərinin, o cümlədən onun rəhbər müavinlərinin vəzifəyə seçilməsinə münasibətdə) və 25-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri vardır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan İnvestisiya Holdinqi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 620; 2016, № 2 (II kitab), maddə 269; 2019, № 3, maddə 413, № 4, maddə 635) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1.4-cü yarımbəndə birinci halda “kredit təşkilatının” sözlərindən əvvəl “Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Bu Fərmanın 1-ci hissəsinin müddəaları Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş kredit təşkilatlarına şamil olunmur.”.

7. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912, № 12 (I kitab), maddələr 2556, 2572; 2019, № 3, maddə 409, № 5, maddə 834, № 10, maddə 1587) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.55-ci bəndinə “banklarda” sözündən sonra “(Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən banklar istisna olmaqla)” sözləri əlavə edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2021-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin