İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 97-ci sessiyasında təmsil olunur
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış agentliyi, ölkəmizin 1995-ci ildən üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında qurumun Dəniz Təhlükəsizliyi Komitəsinin 97-ci sessiyasında iştirak edir.
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari il noyabrın 25-dək keçiriləcək sessiyada dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, dəniz mühitinin mühafizəsi, gələcəkdə dəniz qəzalarının qarşısının alınması, eləcə də beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu halları ilə mübarizəyə dair ümumi müzakirələr aparılacaq. Həmçinin sessiyada “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”ya, “Maye qazları qalama şəklində daşıyan gəmilərin inşası və avadanlıqlarına dair Beynəlxalq Məcəllə”yə, “Neft tankerlərinin və qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı haqqında Beynəlxalq Məcəllə”yə, “Dayanıqlılığa dair Beynəlxalq Məcəllə”yə və dəniz nəqliyyatı sahəsi üzrə bir sıra digər mühüm sənədlərə təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi planlaşdırılır.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə baş tutacaq ikitərəfli görüşlərində qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.