CƏMİYYƏT
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex” dünyanın 12 ölkəsini təmsil edən 70 şirkəti bir araya gətirəcək
Bakı, 5 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Noyabrın 6-7-də səhiyyə sahəsinin peşəkarlarını bir araya gətirən “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi keçiriləcək. Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribüterlər ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikri noyabrın 5-də keçirilən mətbuat konfransında layihə rəhbəri Anar Vəliyev səsləndirib.
Onun sözlərinə görə, sərginin ekspozisiyası dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib: “Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribüter və istehsalçılar tərəfindən təmsil olunacaq. Belarus Respublikası “Medinex” sərgisində 8 aparıcı tibb müəssisəsini ehtiva edən milli pavilyon ilə iştirak edəcək. “Medinex” sərgisinin istiqamətləri: IT-Med - tibdə informasiya texnologiyaları; Pharm-Med - dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr; Lab-Med - laboratoriya texnologiyaları və avadanlıqlar; Tech-Med - tibbi texnika və avadanlıq; Stom-Med – stomatologiya; Optika və oftalmologiya; Tour-Med - tibbi turizm; Edu-Med – diyetologiya və tibbi təhsil. “Medinex” sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv idarəetmə üzrə həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. İnnovativ səhiyyə texnologiyaları keyfiyyətli tibbi xidmətin təminatıdır. Məhz buna görə də müalicə müəssisələrinin təchizat səviyyəsini yüksəltmək məqsədilə ən son məhsulların təqdimatı üçün təşkilatçılar tərəfindən “İnnovasiyalar zonası” təşkil edilib. “İnnovasiyalar zonası” artıq bu gündən səhiyyənin gələcəyinə nəzər salmaq üçün unikal imkandır”.
Qeyd edək ki, “Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgilər, həmçinin Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində Caspian Event Organisers (CEO) şirkəti çıxış edir. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də “Uşaq zonası” üzrə tərəfdaş – “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi yer alırlar.