İQTİSADİYYAT


Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi 17-ci dəfə təşkil olunacaq

Bakı, 22 fevral, AZƏRTAC

Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan 17-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2018”) sərgisi keçiriləcək. Artıq bir neçə ildir ki, sərgi öz aktuallığını qoruyub saxlamaqla yanaşı, müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə həm qonaqları, həm də sərgiyə gələn ziyarətçiləri məmnun edir. Sərgi turizm bazarı, dövlət strukturları, həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirəcək. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

“Iteca Caspian” şirkətindən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi, həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (AZTA) tərəfindən dəstəklənir. Dünya Turizm Təşkilatı (DTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır.

Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru geniş təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksəkixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.

“AITF” sərgisi ölkəmizdə daxili turizmin inkişafını fəal şəkildə əks etdirir və bu il də istisna olmayacaq. Hər zaman olduğu kimi, bu il ölkənin turizm potensialı yerli regionlar tərəfindən nümayiş olunacaq və “Ulduz Turizm”, “Pasha Travel” və başqa turoperatorlar, eləcə də “Absheron Hotels Group”, “Gilan Hospitality” və digər otellər şəbəkəsi öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası ayrıca stendlə təmsil olunacaq.

Sərgi çərçivəsində iştirakçılar və yerli turoperatorlar arasında işgüzar əlaqələrin qurulması və danışıqlar aparmaq üçün geniş imkanlar yaradacaq vorkşop keçiriləcək.

“AITF” ilə birlikdə 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2018” sərgisi keçiriləcək. “Horex Caucasus 2018” regionda otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

Beləliklə, “AITF 2018” sərgisi yeni turizm məhsullarının elan edilməsi, tərəfdaşlar arasında görüşlərin keçirilməsi və möhkəm işgüzar əlaqələrin qurulması üçün möhtəşəm platformaya çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.