MƏDƏNİYYƏT


Azərbaycan “Beynəlxalq qastranomiya” şəhərciyində təmsil olunur VİDEO

Paris, 22 sentyabr, AZƏRTAC

Parisdə, Sena çayının sahilində 5 qitədən 40 ölkənin iştirakı ilə "Beynəlxalq Qastronomiya şəhərciyi" açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dostları Assosiasiyasının və Azərbaycan Evinin təşkilatçılığı ilə ölkəmiz "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur. Şəhərcikdə Azərbaycan milli mətbəxinin nümunələri, müxtəlif növ şirniyyatlar ölkəmizin mədəniyyətini bir daha təşviq edir.

Qastronomiya şəhərciyində təmsil olunan hər bir ölkə milli adət-ənənələrinə uyğun bəzədilmiş məkanda musiqi və milli rəqslərlə müşayiət olunan mühit yaradaraq milli mətbəx nümunələrini təqdim edir.

Şəhərciyin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, eləcə də səfirliyin əməkdaşları ölkəmizin pavilyonuna gəliblər.

Şəhərciyin açılışında Paris şəhər və 7-ci rayon meriyalarının nümayəndələri, eləcə də iştirakçı ölkələrin səfirləri iştirak ediblər.

"Beynəlxalq Qastronomiya şəhərciyi" bütün ölkələr arasında mədəni, iqtisadi və turizm sahələrində mübadilə üçün geniş imkanlar aşır. Hər bir ölkənin öz milli mətbəx nümunələrini - xörəkləri, şirniyyatları, ədviyyat və müxtəlif təamlarını hazırlayıb təqdim etmək, zəngin mədəni irsini layiqincə təbliğ etmək imkanı olur.

Tədbirdə xörəklərin və içkilərin dequstasiyası və satışı ilə yanaşı, süfrə mədəniyyəti, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayiş olunur və musiqilər səsləndirilir.

Sentyabrın 24-dək davam edəcək şəhərcikdə müxtəlif ölkələrdən gələn məşhur aşpazlar ustad dərsləri təşkil edəcək, ləziz təamların hazırlanması qaydaları nümayiş olunacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.