ELM VƏ TƏHSİL


Azərbaycan “Bir kəmər, bir yol” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıqda da fəaldır VİDEO

Pekin, 14 iyun, AZƏRTAC

Çin Sosial Elmlər Akademiyasının (ÇSEA) təşkilatçılığı ilə Pekində “Bir kəmər, bir yol” yüksək dərəcəli humanitar dialoq konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələr arasında humanitar sahədə əlaqələrin dərinləşdirilməsi, yeni əməkdaşlıq platformalarının yaradılması məsələlərinin müzakirəsi məqsədilə təşkil edilib.

Konfransın açılışında çıxış edən Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti Van Cinçin bu cür tədbirlərin strategiyanın əhatə etdiyi ölkələrin elmi dairələri arasında müxtəlif mövzular üzrə müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlətlər və xalqlar arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan “Bir kəmər, bir yol” təşəbbüsü siyasi, iqtisadi, infrastruktur və logistika sahələrində əlaqələrə müsbət təsir etməklə yanaşı, humanitar sahədə də müxtəlif qarşılıqlı fəaliyyət formalarının həyata keçirilməsinə geniş imkan yaradıb.

Konfransda çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı xalqları yaxınlaşdırmaq, müştərək gələcəkli bəşəriyyətin formalaşdırılmasını hədəfləyən “Bir kəmər, bir yol” təşəbbüsünün humanitar aspektlərinin müzakirəsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olduğunu xüsusi vurğulayan Ə.Zeynallı, ölkəmizin yeni platformada yaranmış imkandan istifadə edərək, bəşəriyyətin ümumi humanitar problemlərinin həllində yaxından iştirak etməyə çalışdığını deyib.

Azərbaycan-Çin humanitar əməkdaşlığı sahəsində son dövrlər həyata keçirilən layihələrdən söz açan diplomat bu istiqamətdə Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dilinin tədrisini, Azərbaycanın qədim xalq dastanı olan “Kitabi-Dədə Qorqud”un Çin dilinə tərcüməsini, PXDU ilə Azərbaycanın müxtəlif universitetləri və Milli Elmlər Akademiyası arasında əməkdaşlıq layihələrinin icrasını diqqətə çatdırıb. Bildirib ki, əməkdaşlığın nəticəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində Çin Mərkəzi fəaliyyətə başlayıb, AMEA və ÇSEA-nın birgə təşkilatçılığı ilə Çin-Azərbaycan forumu keçirilib. Son bir il ərzində Çin Sosial Elmlər Akademiyasının müxtəlif institut və bölmələrinin alimlərinin Azərbaycana çoxsaylı səfərlərinin nəticəsində Çin-Azərbaycan mədəni və humanitar münasibətlərinə dair birgə illik hesabatların hazırlanması qərara alınıb.

Səfir Ə.Zeynallı Bakıda iki Konfutsi İnstitutunun fəaliyyət göstərdiyini, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən beynəlxalq tədbirlərin sessiya və panellərində “Bir kəmər, bir yol” təşəbbüsünə dair mütəmadi müzakirələrin aparıldığını diqqətə çatdırıb. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu çərçivəsində son iki ildə Çinə və “Bir kəmər, bir yol” təşəbbüsünə dair müzakirələr təşkil edilib. Bundan başqa, Mərkəzin XII Ali Səviyyəli toplantısı Çinin müxtəlif dövlət və elmi strukturlarının birgə təşkilatçılığı ilə ötən ilin iyun ayında Pekində keçirilib.

“Bir kəmər, bir yol” təşəbbüsünün humanitar aspektlərinin araşdırılmasının, qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulmasının və birgə layihələrin həyata keçirilməsinin Azərbaycanın diqqət mərkəzində olduğunu bildirən səfir bu təşəbbüsün əsas meyarlarından olan qarşılıqlı hörmət, birgə fəaliyyət və müştərək gələcəkli bəşəriyyət qurmaq kimi dəyərlərin Azərbaycan Prezidenti İlham Əliyevin dünyaya baxış strategiyası ilə üst-üstə düşdüyünü deyib.

Qeyd olunub ki, müxtəlif dinlərin və millətlərin dinc, mehriban şəraitdə yaşadığı Azərbaycan özünün tolerant və multikultural dəyərləri ilə nümunəvi ölkə imici qazanıb. Azərbaycanda qlobal əhəmiyyətli çoxsaylı sammitlər, forumlar, konfranslar və seminarlar, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı Prosesi və onun davamı olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, həmçinin Azərbaycan xalqının mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə onların üzvi qarşılıqlı əlaqəsini təbliğ edən festivallar və müsabiqələr təşkil olunur.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) baş katibinin müavini Van Kayven qurum çərçivəsində mədəni-humanitar əməkdaşlıqdan danışıb. O, ŞƏT-də dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunan Azərbaycanın bu istiqamətdə fəallığını xüsusi vurğulayaraq, ötən ay təşkilatın mənzil-qərargahında təşkil olunmuş Azərbaycan mədəniyyət gününü məmnunluqla xatırladıb.

Konfransın bölmə iclaslarında iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə Azərbaycan-Çin elmi-fəlsəfi əlaqələrindən danışıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.