REGİONLAR


Azərbaycan Boks Federasiyasının prezidenti muxtar respublikada səfərdə olub

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində muxtar respublikada davamlı tədbirlər həyata keçirilir. Əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, idmanın inkişafı sahəsində muxtar respublikada fəaliyyət göstərən federasiyalar tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında boks idman növünün Naxçıvanda daha da inkişaf etdirilməsi və kütləviliyinin təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Boks Federasiyası tərəfindən davamlı təlim-məşq toplanışları, seminarlar, təcrübəli məşqçilərin muxtar respublikaya dəvəti təşkil olunur.

Sentyabrın 30-da Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində federasiya prezidenti Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində olub.

Sahil Babayev burada Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbovla birlikdə məşq prosesini izləyiblər.

Məşqdən sonra məşqçi və idmançıların fikirlərini dinləyən Sahil Babayev muxtar respublikada boksun daha da kütləviləşdirilməsi ilə uşaq, yeniyetmə və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Boks Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib, Naxçıvanda boksun inkişafı üçün böyük potensial olduğunu vurğulayıb.

Məşq zamanı Sahil Babayev qız və azyaşlı idmançıların nailiyyətləri ilə maraqlanıb, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançılarına boks geyim dəsti və boks əlcəkləri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.