ELM VƏ TƏHSİL
Azərbaycan Botaniklər Cəmiyyəti İtaliya Botanika Cəmiyyəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Botaniklər Cəmiyyətinin sədri, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə xüsusi dəvət əsasında İtaliyanın Padua şəhərində keçirilən İtaliya Botanika Cəmiyyətinin 114-cü Konqresində iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konqres çərçivəsində tarixdə ilk dəfə olaraq İtaliya Botanika Cəmiyyəti ilə Azərbaycan Botaniklər Cəmiyyəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi professor Consolata Siniskalko və akademik Validə Əlizadə imzalayıblar.
Memoranduma əsasən, cəmiyyətlər müştərək elmi-tədqiqat layihələrinin hazırlanması, kadr və təcrübə mübadiləsinin aparılması, elmi konfrans, görüş və elmi-texniki sərgilərin təşkili, həmçinin elm-təhsil-siyasət platformasında biomüxtəlifliyin mühafizəsində birgə fəaliyyət göstərəcəklər. Sənəddə yaxın gələcəkdə dəyişən təbiətdə bu sahədə yeni çağırış və imkanların birgə müzakirə və istifadəsinə dair görüşlərin keçirilməsi də nəzərdə tutulur.