ELM VƏ TƏHSİL
Azərbaycan Botaniklər Cəmiyyəti beynəlxalq təşkilata üzv seçilib
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Botaniklər Cəmiyyəti (ABC) Botanika Bağlarının Beynəlxalq Mühafizəsi (BGCI) təşkilatına üzv seçilib.
AMEA-nın Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Botaniklər Cəmiyyəti bu elmi müəssisənin nəzdində beynəlxalq arenada elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, botanika elminin təbliği və bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Respublika üzrə 12 təşkilatı təmsil edir.
ABC (https://www.botanysociety.az) Azərbaycan botaniklərini dünya botanika cəmiyyətinə cəlb etməyi və gələcək inkişaf üçün faydalı olan BGCI-nin xidmətlərindən məqsədyönlü istifadə etməyi nəzərdə tutur. Həmçinin beynəlxalq əlaqələrin və müştərək layihələrin genişləndirilməsi istiqamətində fəal və uğurlu addım hesab edilən bu hadisə olduqca aktualdır, çünki cəmiyyətimiz regionun botaniklərinin əksəriyyətini birləşdirir. Beləliklə, strateji əhəmiyyətli bioloji müxtəlifliyin mühafizəsi istiqamətində çalışan Azərbaycan botaniklərini dünya botanika cəmiyyətinə cəlb etmək və gələcək inkişaf üçün vacib olan BGCI-nin xidmətlərindən faydalanmağa yeni imkanlar açır.
Qeyd edək ki, BGCI 1987-ci ildən dünyanın 100-dən çox ölkəsinin botanika sahəsi üzrə çalışan təşkilatlarını bitki mühafizəsi üçün qlobal şəbəkədə birləşdirən və təmsil edən təşkilatdır. Əsas ofisi Böyük Britaniyada yerləşir. Həmçinin dünya üzrə ABŞ, Çin, Keniya və Rusiyada regional ofisləri fəaliyyət göstərir.
Təşkilatın əsas mühüm və prioritet məqsədləri – bitki mühafizəsi istiqamətində innovativ və strateji layihələrin təşkili və idarə edilməsi; bitki müxtəlifliyinin təmin edilməsi üzrə tərəfdaş və üzvlərin cəlb edilməsi; botanika bağlarında və daha geniş cəmiyyətdə əlaqələrin yaradılması və bitki qorunması potensialının genişləndirilməsi; müasir çağırışlara cavab verən fəaliyyətin dəstəklənməsidir.