SİYASƏT
Azərbaycan-Braziliya əlaqələrinin inkişafı üçün geniş potensial mövcuddur
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan ilə Braziliya arasında iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün geniş potensial mövcuddur.
Bu fikir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Braziliya Milli Konqresinin Federal Senatının komitə sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke ilə görüşündə səsləndirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Braziliya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, parlamentlərarası diplomatiyanın dövlətlərarası əlaqələrin inkişafında mühüm rola malik olduğu vurğulanıb, iki ölkə arasında parlamentlərarası dostluq qrupunun fəaliyyəti təqdir edilib.
Azərbaycanın tolerantlıq ənənələri, dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri qeyd edən Kristovam Buarke aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətini vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Braziliya ilə əməkdaşlığın inkişafına önəm verdiyini və yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Görüşdə dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və parlament nümayəndələrinin bu prosesdə rolunun artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.