ELM VƏ TƏHSİL
Azərbaycan Britaniya Kollecinin şagirdləri Aşqarlar Kimyası İnstitutunda olublar
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Britaniya Kollecinin bir qrup şagirdi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev təmsil etdiyi institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, magistr və yüksəkixtisaslı kadr hazırlığı, əldə olunan mühüm elmi və praktik yenilikləri haqqında şagirdlərə məlumat verib. Qeyd edib ki, bu elmi müəssisədə Əli Quliyev, İzzət Orucova, Vaqif Fərzəliyev və Kamil Sadıqov kimi görkəmli akademiklər, kimyaçı alimlər fəaliyyət göstərib, onların formalaşdırdığı “Aşqarlar kimyası” məktəbi dünya elminə, eləcə də Azərbaycan iqtisadiyyatına böyük töhfələr verən elmi işlərə imza atıb.
Ə.Sucayev bildirib ki, institutda sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib hazırlanması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, fizioloji fəal maddələrin sintezi və tədqiq sahəsində fundamental tədqiqatlar aparılır.
Ə.Sucayev şagirdlərə məlumat verib ki, institutun mühüm elmi işləri sırasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin axınını sürətləndirən “Depresator-AKİ” aşqarı, işlənmiş yağ və sürtkü materiallarının təkrar regenerasiyası, neft və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi üçün yaradılan fitobioremedasiya üsulu və müxtəlif xəstəliklərə qarşı antioksidant təsiri göstərən fizioloji fəal maddələrin sintezi xüsusidir.
Sonra məktəblilər institutun korroziya inhibitorları, fiziki-kimyəvi analiz və zərif üzvi sintez laboratoriyalarını gəzərək, orada istifadə olunan müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar.
Azərbaycan Britaniya Kollecinin imtahan və qiymətləndirmə departamentinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Həsən Həsənov, məktəbin biologiya müəllimi Mələk Əzizova ekskursiyanın böyük təəssürat yaratdığını, şagirdlərin nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərini bildiriblər.