ELM VƏ TƏHSİL


Azərbaycan Britaniya Kollecinin təşkilatçılığı ilə VI Bilik sərgisi keçirilib

Bakı, 7 may, AZƏRTAC

Mayın 6-da Azərbaycan Britaniya Kollecinin (ABC) təşkilatçılığı ilə mövcud karantin şəraiti nəzərə alınaraq onlayn Bilik sərgisi təşkil olunub.

ABC-dən AZƏRTAC-a bildirilib ki, bu il ilk dəfə olaraq internetin sərhədsiz imkanlarından faydalanaraq Azərbaycanda orta məktəb şagirdlərinin elmi layihə olimpiadası beynəlxalq səviyyədə keçirilib. Layihəyə qardaş Türkiyədən həm şagird, həm də münsif heyəti cəlb olunub. Sərgidə yerli Avropa Azərbaycan Məktəbi, “Baku Modern School”, “Oxbridge Academy”, “Hədəf” liseyi ilə yanaşı, Türkiyənin İzmir Anadolu Məktəbi və Ege Universitetinin “Buca Science and Art Center”i iştirak edib. Şagirdlərin elmi layihələri 4 kateqoriya üzrə nümayiş olunub. Alternativ enerji, ətraf mühit, mühəndislik və sağlamlıq kateqoriyaları üzrə yüzlərlə şagirdin ərsəyə gətirdiyi layihələr münsiflər heyəti tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilib. Hər bir layihə 4 münsif tərəfindən qiymətləndirildikdən sonra 1, 2, və 3-cü yerlər uğrunda bilik yarışına çıxıb.

Tədbirin sonunda qalib gəlmiş layihə iştirakçılarına, onların elmi rəhbərlərinə və münsiflər heyətinə müxtəlif dərəcəli sertifikatlar təqdim olunub.

Qeyd edək ki, qalib gəlmiş layihələrin müəllifləri ölkəmizi beynəlxalq elmi layihə olimpiadalarında təmsil etmək hüququ qazanıblar.

ABC 2012-ci ildən fəaliyyətə başlayıb, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 635 şagirdə xidmət göstərməkdədir. ABC-də İngiltərə milli kurikulumu 24 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənnləri də kurikuluma daxil edilmişdir. ABC Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunmuş yeganə məktəbdir və Britaniya Məktəblər Şurasının üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.