SİYASƏT


Azərbaycan-Britaniya parlament işçi qrupları arasında videogörüş keçirilib

Bakı, 11 noyabr, AZƏRTAC 

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının videoformatda görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən səfir Tahir Tağızadə və Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Cavanşir Feyziyev iştirak ediblər.

Görüşdə Britaniya parlamentinin üzvü və işçi qrupun rəhbəri Bob Bləkmən qrup üzvləri adından çıxış edərək Azərbaycanın Qarabağ bölgəsində döyüş əməliyyatlarının dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış bəyanatla bağlı fikirlərini bölüşüb. Bəyanata uyğun olaraq əldə edilmiş atəşkəsi, erməni hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən tam çıxarılmasını və həmin ərazilərin Azərbaycanın idarəçiliyinə qayıtmasını yüksək qiymətləndirən Bob Bləkmən bunu Azərbaycanın böyük qələbəsi adlandırıb və bu qələbə münasibətilə Azərbaycan xalqını və həmkarlarını təbrik edib. Bob Bləkmən işçi qrupun üzvləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəsmi təbrik məktubu ünvanladığını bildirib. O, mütəmadi olaraq ölkəmizə etdiyi səfərlər çərçivəsində qaçqın və məcburi köçkünlərlə görüşdüyünü xatırladıb, ədalətin bərpasına və məcburi köçkünlərin, nəhayət, öz evlərinə qayıtmasına imkan yaradan bu razılaşmanın icrası nəticəsində regionda yeni vəziyyətin ortaya çıxacağına, Azərbaycanın mövqelərinin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Səfir Tahir Tağızadə və deputat Cavanşir Feyziyev əldə edilmiş razılaşmanın şərtləri haqqında Britaniya parlamentarilərini ətraflı məlumatlandırıb, ötən müddət ərzində Azərbaycanın haqlı mövqeyinə qətiyyətli dəstək verdiklərinə görə parlamentin işçi qrupunun üzvləri adından Britaniya parlamentinə, hökumətinə və ictimaiyyətinə minnətdarlıqlarını ifadə ediblər. Onlar əldə olunmuş razılaşmanın həm Azərbaycanın və Ermənistanın, həm də bütövlükdə region ölkələrinin mənafeyinə xidmət edəcəyini və regionun inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Tahir Tağızadə münaqişənin birdəfəlik həlli ilə bağlı Azərbaycanın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu deyib və ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.

Cavanşir Feyziyev 30 il davam etmiş münaqişənin həllində beynəlxalq təşkilatların oynadığı rola diqqət çəkərək Qarabağ münaqişəsinin aradan qalxması prosesindən lazımi nəticələrin çıxarılmasını vacib hesab edib. Deputat işğalın davam etdiyi uzun illər ərzində ölkəmizə göstərdikləri davamlı siyasi dəstəyə görə britaniyalı həmkarlarına minnətdarlığını bildirib və postpandemiya dövründə baş tutacaq növbəti səfərlər zamanı britaniyalı deputatları işğaldan azad olunmuş Qarabağ ərazisinə səfərə dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.