MƏDƏNİYYƏT
Azərbaycan Bursada keçirilən “Qorqud Ata” Türk Dünyası Film Festivalında dörd filmlə təmsil olunur VİDEO
Bursa, 2 noyabr, AZƏRTAC
Azərbaycan mədəniyyət paytaxtı Şuşanın 2023-cü ildə ev sahibliyi edəcəyi “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalının açılışı ölkəmizin iştirakı ilə noyabrın 1-də Türkiyənin Bursa şəhərində keçirilib.
AZƏRTAC xəbər verir ki, İkinci “Qorqud Ata” Türk Dünyası Film Festivalının direktoru, kino tənqidçisi İhsan Kabil, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Dəmircan açılış mərasimindəki çıxışlarında keçirilən festivalın tarixi əhəmiyyətindən, türk xalqlarının mədəni inteqrasiyasına təsir imkanlarından danışıblar.
Noyabrın 5-dək davam edəcək festival çərçivəsində nümayiş olunacaq filmlər türk dünyasının ortaq milli mədəniyyət sərvəti kimi dəyərləndirilib. Əminliklə ifadə olunub ki, bu festival qısa zaman kəsiyində beynəlxalq film festivalları sırasında özünə əzəmətli yer qazanacaq.
Festivalda 17 ölkədən 52 film nümayiş olunacaq. Açılış mərasimində nümayişdə nəzərdə tutulan kinoların fraqmentləri təqdim edilib. Artıq filmlərin nümayişinə başlanılıb.
Qeyd edək ki, Azərbaycanın “Həyat, deyəsən, gözəldir” və “Dalan” filmlərinin müsabiqələrdə iştirakı təsdiqlənib. Bundan başqa, müsabiqədən kənar “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri kinosevərlərin görüşündə olacaq.
“Qorqud Ata” Türk Dünyası Film Festivalında münsiflər heyətində Elxan Cəfərov və Mehriban Ələkbərzadə yer alırlar.
Festivalın bağlanış mərasimi noyabrın 5-də nəzərdə tutulub. Qalib filmlər mükafatlandırılacaq.
Festivalın keçirildiyi Merinos Atatürk Konfrans və Mədəniyyət Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un nəşrlərindən ibarət kitablar, eləcə də türk dünyasının rəssamlarının əsərləri sərgilənir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa