SİYASƏT


Azərbaycan-CAR əlaqələri müzakirə olunub

Bakı, 23 oktyabr, AZƏRTAC

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Elvin Bots ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

İki ölkədə qarşılıqlı qaydada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin Azərbaycan–CAR münasibətlərinin inkişafında və siyasi təmasların saxlanılmasında oynadığı vacib rolu qeyd edən həmsöhbətlər onların mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə dair əminlik ifadə ediblər.

Qeyd olundu ki, həyata keçirilən qarşılıqlı ikitərəfli səfərlər və beynəlxalq forumlar çərçivəsində uğurlu əməkdaşlıq hər iki ölkənin mənafelərinə uyğun olaraq uğurla davam etdirilir. Bu mənada, nazir Elmar Məmmədyarov CAR-a etdiyi səfəri bu əməkdaşlığın bariz nümunəsi kimi xatırladıb.

Sonra Elmar Məmmədyarov Afrika İttifaqı ölkələri arasında CAR-ın Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edərək, enerji və digər sahələrdə əməkdaşlığa əlavə təkan verilməsinin vacibliyini qeyd edib.

CAR rəsmisi, öz növbəsində, ticarət əlaqələrinin daha da fəallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Nazir Elmar Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirib.

Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.